Zərifə xanım Əliyeva YAP Səbail rayon təşkilatında anıldı FOTOLAR

Zərifə xanım Əliyeva YAP Səbail rayon təşkilatında anıldı FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Qadınlar Şurası görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci il dönümü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra tədbir YAP Səbail rayon təşkilatının qərargahında davam edib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyev qeyd edib ki, Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub: "Vaxtilə, Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda Zərifə xanım Əliyevanın köməyinə çatıb. O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur. Zərifə xanım görkəmli alim kimi, sədaqətli yoldaş kimi, qayğıkeş ana kimi daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onun xatirəsini xalqımız hər zaman uca tutacaqdır".

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova qeyd edib ki, görkəmli alimin Azərbaycan oftolomologiya elminə verdiyi töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətləri, onun bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı – Ulu Öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışıb.

Tədbirdə YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin üzvü, ali dərəcəli həkim, Koreya-Azərbaycan Şərq Təbabəti Klinikasının direktoru Zərifə xanım Quliyeva Zərifə xanımın qohumlarla münasibətindən, onlarla necə mehriban, qayğıkeş olmasından söhbət açıb. Onun sözlərinə görə çox dolğun bir həyat yolu keçən Zərifə xanım Əliyevanın əməlləri və onun qoyduğu ad hər bir azərbaycanlı üçün örnək olmalıdır.

Tədbirdə ali dərəcəli həkim, Zərifə xanım Əliyevanın aspirantı, professor, şair Paşa Qəlbinur çıxış edərək bildirib ki, Zərifə xanım hər zaman nursuz gözlərə işıq paylamaq, füsunkar gözəlliyə həsrət qalan insanların gözlərinə həyat eşqini qaytarmaq arzusunda olub. Zərifə xanım Əliyevanın ilk aspirantlarından olan professor Paşa Qəlbinur Zərifə xanımın gənc alimlərə qayğısından və onun ana şəfqətindən də söhbət açıb.

Daha sonra çıxış edən Əməkdar jurnalist, İTV-kanalının məsul əməkdaşı Flora xanım Xəlilzadə Zərifə xanımla olan xatirələrindən danışıb.


Bütün xəbərlər Facebook səhifəmizdə