II Beynəlxalq elmi-praktiki konfrans keçirilib YENİLƏNİB - VİDEO

II Beynəlxalq elmi-praktiki konfrans keçirilib YENİLƏNİB - VİDEO

Bu gün Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş "Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər" mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, konfansda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimov, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyinin sədri Məmmədəli Babaşlı, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, tanınmış ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılan büstü önünə tər gül dəstələri düzüblər.

Daha sonra konfrans Universitetin akt zalında davam etdirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.

Universitetin rektoru Fərid Əhmədov tədbiri açaraq deyib ki, konfransın mövzusu öz aktuallığı ilə seçilir: "Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümü ilə əlaqədar universitetimizdə silsilə tədbirlər keçirilir. İnanıram ki, bugünkü tədbirmiz də çox maraqlı fikir mübadiləsi şəraitində keçəcək".

AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, bu kimi mövzuların müzakirələri bundan sonra da davam etdirilməlidir: "Biz bu mövzuları gənclik qarşısında müzakirə etməliyik. Bu konfransın Ümummilli Liderə həsr olunması son dərəcə ibrətlidir. Ulu Öndəri narahat edən məsələ 200 illik tarixin tam şəkildə öyrənilməməsi idi. Ümummilli Lideri Azərbaycan tarixi, tarixi şəxsiyyətlərin tarixdə rolu daha çox maraqlandırırdı. Onların müsbət rolunu dəyərləndirirdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanın hər yerində tarixi şəxsiyyətlərin abidəsi ucaldılıb. Ulu Öndər hakimiyyətdə olduğu müddət ərzində çox cəsarətli addımlar atıb, indi müzakirə etdiyimiz məsələri ayrı-ayrı strukturlar qarşısında icrası mütləq olan iş kimi qoyub".

Y.Mahmudov diqqətə çatdırıb ki, ötən əsrin əvvəllərində azərbaycanlılara və bütövlükdə türklərə qarşı törədilmiş dəhşətli soyqırımlarını incələyəndə çoxsaylı faktlar üzə çıxır ki, bu da azərbaycanlıların soyqırımına məruz qalmasını bir daha təsdiqləyir: "Lakin, xalqımız soyqırımına məruz qalsa da, düşmənə boyun əyməmiş, bacardığı qədər müqavimət göstərmişdir. Xalqımızın igid, milli-vətənpərvər övladları, bəyləri, qoçuları, bir sözlə, əli silah tuta bilən hər bir kəs ermənilərin qabağından qaçmamış, əksinə, təpədən-dırnağadək silahlandırılmış nizami erməni ordusuna qarşı mətinliklə vuruşmuşdur. Ermənilər isə qarşıya çıxan kəndləri, qəsəbələri viran qoymuş, əhalini vəhşicəsinə qətlə yetirmişlər. Bu gün Ermənistan dövlətinin, erməni diasporunun, lobbisinin illərdir tətbiq etməyə çalışdığı hədəflərin necə saxta olduğunu elə təkcə 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş verən mart soyqırımının saysız qurbanları ilə puç etmək olar. Özünün Osmanlı dövləti tərəfindən soyqırımına məruz qaldığını iddia edən ermənilər hələ də anlamırlar ki, vətəndaşı olduğu dövləti içdən dağıdanda, ona arxa çevirəndə, onun dinc sakinlərini süngüdən keçirəndə dövlət əgər dövlətdirsə, mütləq bunun cavabını verməlidir və günahkarlar cəzalandırılmalıdır. Quldur erməni terror təşkilatlarının Osmanlı dövləti tərəfindən cəzalandırılmasına, onların üstünə qoşun göndərilməsinə, dinc ermənilərin münaqişə bölgəsindən rəsmi şəkildə köçürülməsinə soyqırımı yarlığı vuran erməni paranoik düşüncəsi hələ də anlamır ki, Şərqi Anadoluda onlar tərəfindən öldürülən türklərin sayı ölmüş ermənilərdən iki dəfə çox olmuşdur. Azərbaycanın şimalında və cənubunda isə üst-üstə yüz minlərlə insan qətliama məruz qalmışdır. Bəs bunlar soyqırımı deyil, bəs nədir?".

Tarixçi alim deyib ki, bu gün Prezident İlham Əliyevin milli məsələlərdə göstərdiyi prinsipiallıq, qətiyyət bütün sahələrdə olduğu kimi, tarix sahəsində də uğurlarla yadda qalır: "Dövlət başçısının birbaşa göstərişi əsasında soyqırımı ilə bağlı araşdırmaların üzə çıxarılması, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasının tərtib olunması, Şamaxı, Bakı, Zəngəzur soyqırımları ilə bağlı kitabların çap edilməsi, ermənilərin bu torpaqlara köçürülməsi ilə bağlı tarixi sənədlərə söykənən nəşrlərin buraxılması bu gün tarix elminin uğurları hesab olunur. Mənfur düşmənin özünü təmizə çıxarmaq cəhdlərinin qarşısında bu kitablar əvəzedilməz ideoloji silah hesab olunur".

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik-təmizləmə siyasəti onların əsl xislətlərini bir daha ortaya qoyub: "Mən tədbirin əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Bu tədbir iki məsələ baxımdan önəmlidir. Birincisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümü ilə əlaqədar, digəri isə türk dünyası üçün həmişə aktual olan qondarma "erməni soyqırımı"na həsr olunmasıdır. Bu iki mövzunun bir tədbirdə birləşməsi təsadüfi deyil. Çünki ermənilərin türk-müsəlman dünyasına qarşı həyata keçirdikləri məkrli siyasətinin ifşa olunması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır".

Türkiyəyə qarşı Avropa Parlementinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən PA rəsmisi deyib ki, nə vaxt ki Türkiyə dünyanın aparıcı dövlətlərinin geosiyasi maraqlarına uyğun olmayan siyasət yeridirsə, o zaman bu cür münasibətlə qarşılaşır.

Məmmədəli Babaşlı çıxışında Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin fəaliyyəti haqqında məlumat verib, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında görülən işlər, qəbul edilən qətnamə və sənədlər haqqında məlumat verib: "Dövlətimizin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Biz də ictimai birlik olaraq bu sahədə üzərimizə düşən işi layiqincə yerinə yetirməyə hazırıq. tədbirdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələri müzakirə olunub".

İB-nin sədri Məmmədəli Babaşlı erməni millətçilərinin "böyük Ermənistan" yaratmaq üçün törətdikləri qanlı əməllər nəticəsində Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə minlərlə dinc əhalinin qətlə yetirilməsi barədə ətraflı danışıb.

Tədbirdə deyilib ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı kütləvi qırğınlar törədəndə ən çox ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan əhalisi olub. Ermənilər bolşeviklərin köməyi ilə Urmiya, Xoy, Səlmasda azərbaycanlılara qarşı kütləvi qırğınlar soyqırımı törədiblər. 1918-ci ilin mart-sentyabr aylarında təkcə Bakı quberniyası üzrə 50 min insan qətlə yetirilib. Həmin dövrdə Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılıb".

SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev isə diqqətə çatdırıb ki, bizi düşündürən və ətrafında fikir mübadiləsi apardığımız bugünkü mövzuya dair müzakirəmiz müəyyən mənada həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir: "Bunun əhəmiyyətliliyi ondan ibarətdir ki, Azərbaycan artıq 20 ildir Ermənistanın kriminal rəhbərlərinin ölkəmizə və xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətini ifşa etməklə məşğuldur. Ermənilərin əsassız ərazi iddiaları nəticəsində işğal olunmuş 20 faiz torpaqlarımızın azad edilməsi tələbimizə və əlbəttə ki, "qondarma erməni soyqırımı" təbliğatını alt-üst edəcək 31 Mart Azərbaycanlıların soyqırımını, Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq fəaliyyətimizə beynəlxalq güclər hələlik biganə münasibət bəsləyirlər, haqlı tələbimizi yerinə yetirmək istəmirlər. Dünya dövlətlərinin, beynəlxalq təşkilatların bəzilərinin Azərbaycanın haqlı tələblərini qəbul etməsinə baxmayaraq, hələ ki, ikili standart siyasətinin mövcudluğu erməni yalanlarının "ayaq tutub yeriməsinə" səbəb olur. Ona görə də, hər birimiz, xüsusilə də, media sahəsində çalışan jurnalistlərimiz ermənilərin qondarma "soyqırımı" və yalan dolu təbliğatına qarşı Azərbaycan həqiqətləri ilə silahlanmalı və onları fakt qarşısında qoymalıdırlar. Yəni, bütün dünyaya aydın şəkildə izah etməliyik ki, ermənilər Azərbaycan torpaqlarına sonradan gəliblər, bizim torpaqlar hesabına özlərinə dövlət qurublar".

B.Quliyev bildirib ki, ermənilər həmişə Azərbaycana və digər qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edib: "Azərbaycan xalqı da onların "Böyük Ermənistan" xülyasının qurbanı olub. Tarixin müxtəlif məqamlarında, siyasi vəziyyət gərgin olan zaman Ermənistan qonşu ölkələrə qarşı təcavüzkar niyyətini həyata keçirməyə çalışıb və bu proses bu gün də davam etməkdədir. Ona görə də, geosiyasi və ictimai-siyasi reallıqdan çıxış edərək, ermənilərin təbliğat maşınını tamamilə darmadağın etməliyik. Onsuz da Ulu Öndərimizin, Onun siyasi kursunu davam etdirən cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Ermənistan bütün transmilli layihələrdən təcrid olunub. Məhz hakimiyyətin bu siyasətinin daha da effektiv nəticələr verməsi üçün "informasiya müharibəsi"ndə də erməniləri təcrid vəziyyətinə salmalıyıq".

BDU-nun "Tarixşünaslıq və mənbəşünaslıq" kafedrasının müdiri, AU-nun "ictimai elmlər" kafedrasının professoru Anar İsgəndərov nitqində qondarma erməni soyqırımı məsələsinin tarixi məsələ deyil, siyasi məsələ olduğunu bildirib: "Hansı tarixçinin fikri bu günə qədər dinlənilib? Bu siyasi məsələ olduğuna görə, onlar arxivlərdə araşdırma aparmaq fikrindən çox uzaqdırlar. Çünki arxivdə onların iddia etdiklərinin tam əksi var. Ona görə də onlar bütün bu məsələləri siyasi cəhətdən, dövlət başçıları ilə, parlamentlərdə həll etməyə üstünlük verirlər. Onlar heç vaxt arxiv sənədlərinin çözülməsinin tərəfdarı olmayıblar. Bu tarixi məsələ olsaydı, təbii ki, həmin işlərlə tarixçilər məşğul olardı. Ermənilərin ən böyük uğuru o oldu ki, onlar uydurduqları yalanı siyasi institutlara, siyasi idarələrə ötürə bildilər. Təbii ki, bu yalan ayrı-ayrı dövlətlərə də sərf edir. Bu məsələni tarixçilər müzakirə etsəydilər, burada birmənalı olaraq məğlub tərəf ermənilər olacaqdı".

Daha sonra BDU-nun "Qafqaz tarixi" və AU-nun "İctimai elmlər" kafedrasının professoru Qabil Əliyev "1917-1920-ci illərdə erməni silahlı dəstələrinin Qafqazın müsəlman əhalisinə qarşı soyqırımları (Böyük Britaniya arxiv materialları əsasında)", AU-nun "ictimai elmlər" kafedrasının dosenti Vasif Qafarov "1918-ci ildə ermənilərin törətdikləri soyqırım Fövqəladə Tədqiqat Komissiyasının sənədlərində" mövzularında məruzə ediblər.

Daha sonra konfrans işini bölmələr üzrə davam etdirib. Sonda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə