Con Kerri "5-ci kalon"un səviyyəsinə düşəcəkmi? MÖVQE

Elşən Musayev: “Azərbaycan bu kimi təxribatların olacağından xəbərdardır”
Con Kerri "5-ci kalon"un səviyyəsinə düşəcəkmi? MÖVQE

"İkili standartların beşiyi olan Qərbdə Azərbaycana qarşı olan mövqe birmənalı deyil. Azərbaycanın uğurları artıqca, Azərbaycan əhəmiyyətli məqamlara yetişdikcə, bunlar daha da azğınlaşmağa başlayırlar". Sözügedən fikirləri SİA-ya politoloq Elşən Musayev ABŞ Dövlət katibinin demokraiya və insan hüquqları üzrə keçmiş köməkçiləri Elliot Abrams və Devid Kramerin, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, "Azadlıq" radiosunun keçmiş direktoru Cefri Qedmin, "Freedom House" təşkilatının direktoru Mark Laqonun, Demokratiya və Şərqi Avropa İnstitutunun direktoru İrena Lasotanın, AZAD təşkilatından Elmar Şahtaxtinskinin, Qorxmaz Əsgərovun, Ramiz Yunusun və başqalarının ABŞ-m Dövlət Katibi Con Kerriyə Azərbaycanın dövlət rəsmilərinə, millət vəkillərinə qarşı sanksiyaların tədbiq edilməsi ilə bağlı ünvanladıqları müraciətlərinə münasibətini bildirərkən deyib.

Politoloqun fikrincə, artıq bəllidir ki, Azərbaycanda möhtəşəm Avropa Oyunları keçiriləcək, daha sonra növbəti ciddi siyasi proses-parlament seçkiləri baş tutacaq və həmin tərərflər mütləq hər hansı bir müdaxilələr etməyə cəhd göstərəcəklər: "Eyni zamanda, onların hər biri beynəlxalq təşkilatlardan, siyasi dairələrdən pul silən adamlardırlar. Hansı ki, bizim sapı özümüzdən olan baltalar kimi. Ancaq onlar sapı özümüzdən olan baltalardan daha çox pullar silirlər. Bu gün Azərbaycanın dövlət məmurlarına qarşı, eləcə də konkret olaraq, millət vəkillərinə qarşı sanksiyaların irəli sürülməsi tələbini anlamaq mümkün deyil. Nə mənada mümkün deyil, onu da qeyd edim. Ümumiyyətlə, bu kontestdə deyilən fikirlərin, yönələn ittihamların heç birinin dəlilləri, sübutları yoxdur. Yəni bunlar öz "ideyalarına", təxəyyül məhsullarına istinad edərək, deyirlər ki, filankəs millət vəkilidir və onda filan şey var, yaxud da digər biri dövlət rəsmisidir və onun filan yerdə nəyisə var. Məsələn, iddia edə bilərlər ki, Elşən Musayevin şəxsi təyyarəsi var və bunu öz hesabatlarına daxil edəcəklər".

Elşən Musayev Azərbaycanın bu cür olayla ilk dəfə qarşı-qarşıya qalmadığını da deyib: "Xatırlatmaq istərdim ki, biz bu kimi böhtanlarla, iftiralarla daha öncə də üzləşmişik. Məsələn, ötən prezident seçkiləri öncəsi də eyni məzmunlu hesabatlar, müraciətlər hazırlanır, müxtəlif Qərb siyasi dairələrinə təqdim olunurdu. Lakin dövlət və hakimiyyət onların cavablarını əsaslı şəkildə, tam sübutlarla verdi. Təbii ki, ortalıqda məqsəd var. Yəni bu kimi hallar daha öncə prezident seçkiləri öncəsi olmuşdusa, indi də Avropa Oyunları və parlament seçkiləri ərəfəsində baş qaldırır.

Onu da deyim ki, Azərbaycanbu kimi təxribatların olacağından xəbərdardır. Mənə məlum olan məsələlələrdən biri də budur ki, Azərbaycanda Avropa Oyunlarını əngəlləmək üçün sözügedən qüvvələr bütün təxribatlara əl atacaqlar. Əgər nəzərə alsaq ki, onların içində Əli Kərimli timsalında azərbaycanlılar da var, yəni danos ötürməklə, xarici təşkilatların ocaqlarına odun atmaqla məşğul olan adamlar var, demək ortada böyük kompleksli iş, ya da oyun gedir".

Politoloq həmin edilən müraciətlər müqabilində Con Kerrinin reaksiya verməyəcəyini hesab edir: "Edilən müraciətlərə rəğmən, ABŞ Dövlət Katibi Con Kerrinin Elmar Şahtaxtinskinin, Qorxmaz Əsgərovun, Ramiz Yunusun da imzaları olduğu müraciətə müsbət cavab verməsinə, onların səviyyəsinə enməsinə qətiyyən inamıram".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə