Elçin Mirzəbəyli: “Bu əməkdaşlıq Kubanın maraqlarını təmin edir”

Elçin Mirzəbəyli: “Bu əməkdaşlıq Kubanın maraqlarını təmin edir”

"Rusiyanın Kubada hər hansısa bir ciddi maraqları yoxdur. Artıq Sovet dönəmi deyil ki, Rusiyanın qlobal miqyasda maraqlarından söhbət getsin". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Kuba faktiki olaraq uzun illərdir ki, SSRİ-nin süqutundan sonra hər hansısa bir ölkənin prolektoratı kimi fəaliyyət göstərmirdi və müstəqil siyasət yürüdürdü: "Keçmiş müttəfiqləri ilə normal əlaqələri olsa da, Rusiya ilə Kuba arasında hər hansısa hərbi müttəfiqlikdən söhbət belə gedə bilməz. Bu baxımdan da mən deməzdim ki, ABŞ Kuba-Rusiya münasibətlərinə son qoymaq üçün Kuba ilə yaxınlıq edir. İndiki şəraitdə Kubanın ABŞ-la əməkdaşlıq etməkdə öz maraqları var. Çünki Kubanın iqtisadi durumunda ciddi problemlər var. Bu ölkənin iqtisadiyyatı əsasən tütün məhsulları və sitrus meyvələrinin ixracından asılıdır. Bu ixrac üçün isə daha yaxın bazar lazımdır. Qonşuluqda olan ABŞ-a bu məhsulların ixracı isə Kubanın maraqlarını təmin edir. Şübhəsiz ki, strateji baxımdan Kuba ABŞ üçün əhəmiyyətlidir. Onu da nəzərə almaq lazımdır ki, Kubanın ərazisində ABŞ-ın həbsxanası, hərbi bazası var. Yəni ABŞ burada zamanında özünün strateji hərbi maraqlarını da təmin edib. İndiki şəraitdə bu əməkdaşlıq sadəcə soyuq müharibə dövrünün məhz Kuba ilə bağlı olan hissəsinin başa çatması bütövlükdə isə iki ölkə arasında əməkdaşlığın yenidən bərpa olunmasına imkan yaradıb".

Bütün xəbərlər Facebook səhifəmizdə