Müsavatın Məclis toplantısı məsxəryə qoyuldu

"Hələ də Arif və gədaları ilə eyni havanı tnəffüs etməkdə qərarlısınızmı?"
Müsavatın Məclis toplantısı məsxəryə qoyuldu

Müsavat Partiyasının ötən gün keçirilən Məclis toplantısında baş verən qalmaqallar və ziddiyyətlər sabiq müsavatçılar tərəfindən iztehzalı şəkildə məsxərəyə qoyulmaqdadır. SİA-nın əldə etdiyi xəbərə görə, sosial şəbəkədə məsələ ilə bağlı müxtəlif münasibətlər yazan eks-müsavatçılar, eləcə də Azərbaycan və Demokratiya Hərəkatının rəhbər strukturlarında təmsil olunanlar Arif Hacılının rəhbərlik etdiyi strukturu iqtidara işləməkdə də ittiham ediblər.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin müşaviri olmuş Hüseyn Məlik partiyanın Məclisində baş verənlərə özünəməxsus şəkildə fikir sərgiləyib. Sitat: "Belə bir atalar sözünün olmasını həmişə qondarma hesab etmişəm, "Allah məni dostlarımdan qoru düşmənlərimlə bacararam.'' Bu gün bu sözün çox müdrük deyildiyini Məclisi Musavatdakı çıxışları dinlədikdən sonra anlamağa başladım."

Müsavatın keçmiş funksioneri İsmayıl Ksəmənlinin isə qeyd etdiyinə görə, "nə qədər ki, Arif Hacılı, Mustafa Hacıbəyli və onun qaraguruh komandası partiyanı "MMC" kimi idarə edəcəklər, bir o qədər ləyaqətli insanlar Müsavatdan ya çıxarılacaqlar, yada istefa verəcəklər."

ADR Hərəkatında təmsil olunan sabiq müsavatçı fəal Kamil Xəlilbəyli bir az da önə gedərək, Müsavat Partiyasının başqanı Arif Hacılını və onun tərəfdarlarını "gəda" ifadəsi ilə təhqi edərək, Qubad İbadoğlunun, eləcə də Məcsil üzvlüyündən çıxarılmış Vurğun Əyyubun tərəfini saxlayan müsavatçıları siyasi təşkilatdan istefa verməyə səsləyib. Sitat: "Qubad İbadoğlu və Vurğun Əyyub bəylərin tərəfdarı olduğunu bəyan edənlər! Hələ də Arif və gədaları ilə eyni havanı tnəffüs etməkdə qərarlısınızmı? Ay dili qafillər... Siz orada qalmaqla deyirdiniz ki, Müsavatı gədalardan alacaqsınız... Amma görürsünüz ki, iqtidar Müsavatı bizdən alıb onlara peşkeş edir..."

Qeyd edək ki, ötn gün Müsavat Partiyasının Məclisi keçirilib və toplantıda partiyanın yaradıcılarından biri olan Vurğun Əyyub Məclis üzvlüyündən çıxarılıb. Onun tərəfdarları buna etiraz etsə də təşkiilat rəhbərliyi qərarı qüvvədə saxlayıb. Eyni zamanda bir sıra rayon təşkilatlarının etirazçı müsavatçıların bu il keçiriləcək parlament seçkilərində iştirakları üçün qəbul etdiyi qərarların da qüvvədə olmaması bildirilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə