Biləsuvarda Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib

Biləsuvarda Gənclər Birliyinin VI hesabat-seçki konfransı keçirilib

YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin VI hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfransı giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən geniş bəhs etdi. Bildirdi ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir: "Bu fakt gənclərin Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının göstəricisidir. Gənclər partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər".

K.Mirzəyev konfransın işinə uğurlar dilədi, yeni seçiləcək heyətə müvəffəqiyyətlər arzuladı.

YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri Kamil Qurbanlı ötən dövr ərzində təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası böyük gücə, nüfuza malik partiyadır. Heç bir siyasi qüvvə onunla rəqabət aparmaq imkanında deyil.

K.Qurbanlı YAP-ın ölkəmizdə keçirilən seçki proseslərindəki uğurlarından, partiya sıralarında birləşən gənclərin ictimai-siyasi fəallığının artırılmasından geniş bəhs etdi. Bildirdi ki, YAP-ın yaradılmasının 23 ilə yaxın dövrünün ən başlıca mənası partiyanın qarşıya qoyduğu amalların reallaşmasının nəticəsi kimi bu gün gerçəkliyə çevrilmiş Azərbaycandır. Gənclər belə bir partiyada təmsil olunmaqdan qürur duyur, gələcəyə böyük inamla addımlayırlar. O, qeyd etdi ki, hal-hazırda YAP Biləsuvar rayon təşkilatının sıralarında 4862 nəfər partiya üzvündən 1443 nəfəri gənclər təşkil edir. Gənclər ümumi partiya üzvlərinin 30 faizidən çoxunu təşkil edir: "YAP Biləsuvar rayon təşkilatının gənclər birliyinin üzvləri gənclər arasında təbliğat-təşviqat işlərinin gücləndirilməsi üçün görüşlər keçirirlər. Ulu Öndər Heydər Əliyev ideyalarını dəstəkləyən gənclərimiz bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşiblər".

Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova, rayon mədəniyyət şöbəsinin işçisi gənc partiya üzvü İsgəndər Şirəlizadə, Yuxarı Ağalı kənd ümumi orta məktəbin müəllimi Aqil Bəşirov çıxış edərək dövlətin gənclərə göstərdiyi qayğıdan söhbət açdılar və gənclər birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etdilər.

Konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında dahi şəxsiyyət Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət deməkdir" tezisini xüsusi olaraq önə çəkdi. Bildirdi ki, bu gün partiyanın hər bir üzvü belə qüdrətə, nüfuza malik olan siyasi təşkilatda təmsil olunmaqdan qürur duyur. Partiyanın sıralarının günbəgün kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi də sabahına olan inamdan irəli gəlir. V.Rəhimzadə Azərbaycanın 24 ilə yaxın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bu inamı əminliklə bildirdi ki, ölkəmizi qarşıdakı illərdə daha böyük uğurlar gözləyir. Hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Azərbaycan dünyanın 10 islahatçı, xoşbəxt ölkəsi sırasında təmsil olunur. Bu uğurlara öz töhfəsini verən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənir, inkişaf edir.

V.Rəhimzadə sonda bir daha gənclərə uğurlar dilədi, Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi yolunda dövlətin atdığı addımlara öz töhfələrini verməyə çağırdı.

Konfransda YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan söhbət açdı.

Konfransın işində Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən partiya seçdiyi yola sadiq olmuş, dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Dahi şəxsiyyət Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi partiyanın dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir, yeni-yeni vəzifələr qarşıya qoyur. M.Quliyev onu da vurğuladı ki, dövlətin siyasətinin əsas istiqamətlərdən biri də gənclərə diqqət və qayğıdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Natiq gənclərin bu qayğıya cavab olaraq ölkə Prezidenti ətrafında daha sıx birləşdiklərini vurğuladı.

Sonra gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxıldı. Aqşin Xudaməli oğlu Bağırov YAP Biləsuvar rayon təşkilatı gənclər birliyinin sədri, Fuad Sabir oğlu Xammədov və Səbinə Tehran qızı Hüseynzadə gənclər birliyin sədr müavinləri seçildilər. Həmçinin 21 nəfərdən ibarət şura üzvləri, 9 nəfər idarə heyətinin üzvləri, eyni zamanda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransına 2 nəfər nümayəndə seçildi.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət qəbul olundu.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə