“İsmayıllı gəncləri hər sahədə öz sözünü deyir” MÜSAHİBƏ

“İsmayıllı gəncləri hər sahədə öz sözünü deyir” MÜSAHİBƏ

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun SƏS TV-yə müsahibəsi:

- Taleh müəllim, İsmayıllı rayonunun "Gənclər Paytaxtı" seçilməsi necə bir hissdir?

- Bildiyiniz kimi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində "Gənclər Paytaxtı"nın seçilməsi prosesi həyata keçirilir. İlk dəfə olaraq 2012-ci ildə Gəncə şəhəri, 2013-cü ildə Biləsuvar rayonu, 2014-cü ildə Quba rayonu və nəhayət bu il İsmayıllı rayonu "Gənclər Paytaxtı" seçilib. Seçimlərlə bağlı Azərbaycanın 26 rayonu Gənclər və İdman Nazirliyinə müraciət etmişdi. Təbii ki, onlardan 11-i səsvermə prosesinə buraxılmışdı. Həmin 11 rayon içərisində bizim İsmayıllı rayonu çox aktivlik nümayiş etdirərək gəncləri öz ətrafına topladı. Hətta bəzən sual olunurdu ki, 85 min əhalisi olan İsmayıllı rayonu axı necə oldu ki, öz sayından çox səs topladı. Bizə Şamaxı, Gəncə, paytaxt Bakının özü və hətta digər rayonlarımız da öz dəstəyini verdi. Mən fürsətdən istifadə edib bizə dəstək olan rayonlarımıza minnətdarlığımı bildirirəm. "Gənclər Paytaxtı" seçildikdən sonra bizim rayon İcra hakimiyyətinin başçısının və Azərbaycan Gənclər və İdman Nazirliyinin birinci məqsədi o oldu ki, ilk növbədə İsmayıllıda "Gənclər Mərkəzi"nin tikintisi həyata keçirilsin. Həmin proses bu il planda var. Bundan əlavə bildiyiniz kimi, İsmayıllıda 2013-cü ildə Hümanitar və Texnologiya Kollecinin açılışı oldu. Kollec açıldıqdan sonra rayonun gəncləri sanki "qaynar" bir gənclik yaşayır. Bununla belə, İsmayıllı gənclərinin könüllülük fəaliyyətində rolu daha da genişlənib. Təbii ki, biz bundan sonra tədbirlərimizi daha genişmiqyaslı edəcəyik. Sözsüz ki, "Gənclər Paytaxtı" olmağımızla Respublika əhəmiyyətli gənclərin tədbirləri rayonumuzda keçiriləcək.

- Bu gün başlıca olaraq İsmayıllı rayonunun uğurları nədən ibarətdir?

- Mən ilk növbədə rayonumuzun təhsili barəsində danışmaq istərdim. Bu il bizim 22 şagirdimiz 600-dən yuxarı bal toplayıb. İsmayıllı Azərbaycanın rayonları içərisində təhsildə həmişə birinci olub. Eləcə bu il qızıl medal alanlarımızın sayı 4 nəfər olub. İsmayıllı gəncliyi hər bir sahədə təhsildə, idmanda və s. öz sözünü deyir. Bildiyiniz kimi, bu il Bakıda birinci Avropa Oyunları keçiriləcək. Sevindirici haldır ki, İsmayıllı rayonundan da iki xanımımız həmin oyunlara (biri Sambo, digəri isə Cüdo üzrə) vəsiqə qazanıb. Bundan əlavə, gənc idmançılarımız 2014-cü ildə beynəlxalq yarışlarda 12 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar. Gənclər və İdman Nazirliyi tərəfindən həmişə "Şahinlər" İdman oyunları keçirilir. Təbii ki, İsmayıllı gəncləri də burada öz layiqli yerini tutub və həmişə yüksək nəticələr qazanıb. Heç şübhəsiz ki, bu da İsmayıllı gənclərinin hərbi-vətənpərvərlik ruhda böyüməsindən xəbər verir. Hətta İsmayıllı gənclərindən ibarət komanda AZTV-də yayımlanan "Brey-rinq" verilişində çıxış edib və "Zəka" İntellektual oyununda rayonumuzun bir gənci qalib olub. Bununla belə, "Mən Azərbaycanlıyam" Bilik yarışında İsmayıllı şagirdi birinci yerə çıxıb. Bir sözlə, İsmayıllı gəncləri hər bir sahədə irəli gedirlər.

- Gənclər və İdman İdarəsi olaraq hansı yeni layihələriniz mövcuddur?

- Biz ötən il Binəqədi rayon Gənclər və İdman İdarəsi ilə "Qardaşlıq haqqında" memorandum imzalamışdıq. Bu memorandumla da biz mütəmadi olaraq Binəqədi rayonunun gəncləri haqqında ətraflı məlumata, onların fəaliyyətlərinə dərindən bələd olacayıq. Bu il "Gənclər Paytaxtı"nın simvolik açarı bizə təqdim olunduqdan sonra biz bunu tək rayon üçün deyil, eləcə də bölgə üçün etdik. Biz İsmayıllıya Zərdab, Şamaxı, Göyçay, Ağsu və Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəislərini dəvət etdik və onlarla da "Qardaşlıq haqqında" memorandum imzalandı. Təbii ki, biz bundan sonra da fəaliyyətimizi genişləndirib digər rayonlarımızla da qarşılıqlı münasibətlərimizi genişləndirəcəyik.

- Son olaraq xaricdən gələn turistlərin İsmayıllı rayonunda asudə vaxtlarını necə təşkil edirsiniz?

- 2014-cü ilin avqust ayında Azərbaycan Gənclər və İdman Nazirliyinin "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı xarici dövlətlər keçirilən bir layihəsi var idi. Həmin layihədə uğur qazanmış 140 gənc İsmayıllı rayonuna səfər etmişdilər. Səfər çərçivəsində gənclər İsmayıllının tarixi, görməli yerlərindən Basqal, Lahıc, İvanovka kəndlərində oldular. Onlara bu sözügüdən kəndlərimizin tarixiliyi, qədimliyi haqqında çox geniş məlumat verildi. Beləcə rayonumuz haqqında onlarda çox gözəl bir əhval-ruhiyyə yarandı. Bildiyiniz kimi, Lahıcda misgərlik, dəmirçilik həmişə fəaliyyət göstərib. Ümumiyyətlə xaricləri bu sənət növləri çox cəlb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə