Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb. SİA-nın məlumatına görə, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq onları əfv edib. Sərəncam 101 nəfərə şamil olunub. Onlardan 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işlərindən, 7 nəfər cərimə cəzasından azad edilib. Əfv barədə Sərəncamın icrası Ədliyyə nazirliyinin məsul işçilərinin, Penitensiar xidmət rəhbərliyinin, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai komitə üzvlərinin, Ombudsman aparatının, qeyri-hökumət və dövlət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, Əfv olunanlar arasında "siyasi məhbus" hesab edilən cəmi bir neçə nəfər (Bəşir Süleymanlı, Orxan Eyyubzadə) var.

Eyni zamanda, bu yaxınlarda azadlığa buraxılmış Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyev əfv olunub. Onlar Şəmkir rayon icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunu öldürməkdə günahlandırılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə