Elşən Musayev: “Başqa çarəmiz qalmayacaq” AÇIQLAMA

Elşən Musayev: “Başqa çarəmiz qalmayacaq” AÇIQLAMA

"Məncə bu gün formatdan çox məsələnin digər tərəfləri müzakirə predmeti olmalıdır. İllərdir həmsədrlərin cəhdləri - əgər buna cəhd demək mümkünsə fayda vermir, Azərbaycanın pozulmuş hüquqları bərpa olunmur, BMT qətnamələri icrasız alır, zəbt olunmuş torpaqlar hələ də erməni əsarətindədir". Bunu SİA-ya politoloq Elşən Musayev ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı hazırlıq məsələsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, belə bir vəziyyətin fonunda diplomatik səylərin nəticə verəcəyinə də ümidlər get gedə azalır: "Sadəcə məsələ burasındadır ki, mövcud vəziyyətdə gözləməkdən başqa da çarə yoxdur. Ən azından sabah dünya birliyinə söz haqqı verməmək üçün. Fəqət müharibə variantı da istisna deyil. Eyni zamanda düşünürəm ki, bu gün həmsədrlərin təşəbbüs formatı və ya tərkibi deyil, onların təmsil olunduğu dövlətlərin məsələyə münasibəti dəyişməlidir. Yəni daha qabarıq, ötkəm mövqe ortaya qoyulmalıdır. Sülh deyib mövzunu dalana dirəmək olmaz. Azərbaycanın bir yerə qədər səbri var və o səbr daşanda hərb yolu ilə torpaqlarımızı qaytarmaqdan başqa çarəmiz qalmayacaq".

E.Musayev əlavə edib ki, format nə olursa olsun, məqsəd və məramdan, ələlxüsus da ortaya qoyulan iradədən ötə anlam daşıya bilməz: "Bizə yekun maraqlıdır. Nəticə və məmnunluq isə o zaman olacaq ki zəbt edilmiş Azərbaycan torpaqları son qarışına qədər geri qaytarılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə