Elman Nəsirov: “Bu, çox sensasiyalı bəyanatdır”

Elman Nəsirov: “Bu, çox sensasiyalı bəyanatdır”

"ABŞ-ın Dövlət katibi Con Kerri rəsmi Vaşinqtonun Yaxın Şərq siyasəti, konkret olaraq isə Suriya ilə bağlı köklü dəyişikliyin anonsunu verən bəyanatla çıxış edib. Bu isə o deməkdir ki, ABŞ Suriya prezidenti Bəşər Əsədlə birbaşa danışıqlara getməyin tərəfdarıdır və bununla da münaqişədən sonrakı vəziyyətin tənzimlənməsi üçün addımlar atmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirov deyib.

Politoloqun sözlərinə görə, bu bəyanat çox sensasiyalı bəyanatdır: "Con Kerri Səudiyyə Ərəbistana səfəri zamanı indiki bəyanatı ilə tamamilə zidd olan başqa bir bəyanat vermişdi. Həmin bəyanatda isə ümumiyyətlə Bəşər Əsədin legitimliyi qəbul olunmurdu və ABŞ-ın son dörd il ərzində yeritdiyi Suriya siyasəti dəstəklənirdi. İndiki şəraitdə ABŞ-ın Suriya ilə bağlı siyasətinin kəskin dəyişməsinin bir sıra motivləri var. Birinci motiv ondan ibarətdir ki, bu artıq ABŞ-ın Suriyaya qarşı apardığı kampaniyadan geri çəkilməsinin, bu kampaniyada istədiyinə nail ola bilməməsinin etirafıdır. İkincisi hesab edirəm ki, bu etirafın formalaşmasına təsir edən amillər sırasında Bəşər Əsədin keçən ilin iyun ayında əhalinin böyük əksəriyyətinin səsini toplayaq prezident seçilməsi faktının da təsiri var. Bundan savayı Bəşər Əsədə qarşı ABŞ-ın formalaşdırdığı müxalifət qüvvələrinin ön sıraları parçalanıb və artıq müxalif qüvvələr Bəşər Əsədə qarşı özlərini buraxmış elan ediblər. Hətta yanvar ayında Suriya müxalifəti ilə iqtidarının dialoqu təşkil olunmuşdu. Bu isə o deməkdir ki, Suriya müxalifətinin mövqeyi xeyli zəifləmişdi. Bütün bu faktlar məhz ABŞ-ı Suriya ilə bağlı siyasətdə geri addım atmağa məcbur edib. ABŞ Dövlət katibi Con Kerrinin Suriya prezidenti Bəşər Əsədi dialoqa dəvət etməsi eyni zamanda İrana da bir ismarıcdır ki, artıq İranla da müqavilə bağlamaq ehtimalı var. Bütün bu amillərin hamısı ona dəlalət edir ki, ABŞ-ın Yaxın Şərq siyasəti regionda sülhə deyil daha çox vəziyyətin gərginləşməsi mənafeyinə xidmət edir. Nəticə etibarilə isə bütün bu hadisələr Yaxın Şərqdəki prosseslərin bundan sonrakı inkişafına təsirsiz qalmayacaq. Hətta ehtimal oluna bilər ki, bu reallıq fonunda Fələstin-İsrail münaqişəsində də bir sıra sürprizlər gözləmək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə