"ABŞ hər zaman kürd kartından Türkiyə və ərəb ölkələrinə qarşı istifadə edir. Bunun təxminən 100 illik tarixi var. Son 30 ildə PKK-dan istifadə edərək bölgədə özünün maraqlarını qorumağa çalışır". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı ABŞ-da prezidentliyə namizəd olacaq senator Rand Paulun Kürdüstan dövlətinin yaradılması üçün Türkiyədən torpaq alınacağı ilə bağlı bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, PKK və digər kürd mənşəli terror təşkilatlarının uzun ömürlü olmasının səbəbi başda ABŞ olmaqla digər Avropa dövlətlərinin onlara verdiyi dəstəkdir: "Burada məsələyə bir başqa paradiqmadan baxsaq, artıq İsrailin ABŞ-ın Yaxın Şərqdə maraqlarının qorunması baxımından yetərsiz qaldığını görə bilərik. İsrail daha çox öz təhlükəsizliyini qorumağa çalışır və bəzən ABŞ-ın tələblərinə qarşı çıxır. ABŞ İsrailin həm siyasi və hərbi yükünü azaltmaq, həm də Yaxın Şərqdə yeni münaqişə ocağı yaratmaq məqsədilə Kürdüstan dövlətini qurmağa cəhd edir və artıq bunun təməlləri də atılıb. ABŞ-da prezidentliyə namizəd olacaq senator Rand Paul Kürdüstan dövlətinin yaradılması üçün Türkiyədən torpaq alınacağını deyib. Qeyd edib ki, Kürdüstan üçün yeni sərhədlər çəkiləcək. O, kürdlərə yeni bir ölkə vəd edib. Əlbəttə bu ABŞ-ın son 30 ildir regionda həyata keçirməyə çalışdığı planıdır. Sadəcə Rand Paul bunu geniş ictimaiyyətə həvəskar siyasətçi səviyyəsində bəyan edib. Bu populist fikir olsa da, məncə üzərində düşünməyə dəyər".
H. Cabbarlı vurğulayıb ki, bu fikrin reallaşması o qədər də asan deyil: " ətta Paul prezident seçilsə belə, bunun həyata keçirilməsi asan olmayacaq. Çünki, Türkiyənin bölgədə öz ağırlığı və gücü var. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyadakı siyasi və iqtisadi vəziyyəti analiz edən proqnozunda Türkiyə yüksələn güc olaraq göstərilib. Türkiyə Cümhuriyyəti Paulun düşündüyü qədər də zəif dövlət deyil və tərəf müqabillərinin səmimi olmadığını anlayacaq qədər də siyasi yetkinliyə sahibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB