Elman Nəsirli: “Belə bəyanatlar təxribat xarakteri daşıyır”

Elman Nəsirli: “Belə bəyanatlar təxribat xarakteri daşıyır”

"Hazırki vəziyyətdə ABŞ-da prezidentliyə namizəd olan olan şəxslər seçki qabağı müxtəlif bəyanatlar irəli sürürlər ancaq onların planları ilə real niyyətləri üst-üstə düşmür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli, ABŞ-da prezidentliyə namizəd olacaq senator Rand Paulun prezident olacağı təqdirdə Kürdüstan dövlətinin yaradılması üçün Türkiyədən torpaq alacağı ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, prezidentliyə namizəd olan şəxslər bir çox hallarda seçici dairələrini genişləndirmək üçün lobbi və diasporalarla əməkdaşlıq edirlər: "Bəzi hallarda həmin namizədlər öz imkanlarının xaricində bəyanatlar verirlər. Bu nöqteyi nəzərdən yanaşdıqda hesab edirəm ki, senator Rand Paul bu mövqedən çıxış etməklə həm erməni lobbisinin, həm də kürd lobbisinin dəstəyini qazanmaq niyyəti güdür. Ancaq hesab edirəm ki, bu çox sərsəm mövqedir və bu cür iddiaların heç bir əsası yoxdur. Normal düşüncə qabiliyyətinə malik olan elektorant da başa düşür ki, bu cür bəyanatlar təxribat xarakteri daşıyır və seçiciləri aldadaraq səs yığmaq məqsədilə irəli sürülür. Hərhalda Türkiyənin də ABŞ-da çox güclü lobbisi və diasporası var. Eyni zamanda bu məsələdə Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır. Hesab edirəm ki, bu cür məsuliyyətsiz bəyanatlar praktiki baxımından cəlb edici görünsə də, strateji cəhətdən hədəfə aparıb çıxara bilməyəcək, reallıq şansının sıfıra bərabər olduğu bəyanatlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə