“İrəli” İB “Gənc Əkinçi” Akademiyası layihəsinə start verib YENİLƏNİB
Bu gün "İrəli" İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 12-15 mart tarixlərində "Gənc Əkinçi" layihəsinə start verir. SİA-nın məlumatına görə, "Gənc Əkinçi"nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.
Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb ediləcək gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcək. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.
İsmayıllı rayonunda olan Akademiya içtirakçıları əvvəlcə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla görüşüblər. İcra başçısı gənc jurnalistləri salamyaraq onları rayonda görməkdən məmnun olduğunu dilə gətirib. Bildirilib ki, bu il İsmayıllı rayonunun "Gənclər Paytaxtı" seçilməsi bölgədə böyük inkişafa səbəb olub. O, jurnalistlərə regionda görülmüş və görülməsi planlaşdıran işlər haqqında ətraflı məlumat verib: "İsmayıllı rayonunda regionun ən böyük velosiped zavodu tikilir. Biz bu işi bolqarlarla birgə görürük. Bu ilin avqust ayında işlərin başa çatdırılması gözlənilir. İşlərin 51 faizi Azərbaycan, 49 faizi isə bolqar şirkətlərinin payına düşür. Bu zavod bir növ yığma sex olacaq".
İcra başçısı bildirib ki, İsmayıllının iqtisadiyyatının 80 faizini Kənd təsərrüfatı təşkil edir: "Bu gün İsmayıllı özünü 100 faiz ət məhsulları ilə təmin edir. Bununla belə, 60 faiz taxıl istehsal edir. Hətta deyərdim ki, İsmayıllı rayonun tam gücü var ki, o, 100 tondan artıq buğda istehsal etsin. Azərbaycanda yeganə kolxoz İsmayıllıdadır".
M.Sadıqov onu da əlavə edib ki, artıq rayonda Kənd təsərrüfatı məhsullarının online ticarəti üzrə "Yaşıl market" yaradılır.
Daha sonra Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimi Cahangir Məmmədli deyib ki, bu kimi layihələr gənc jurnalistlərin peşəkarlığının artırılmasında mühüm rola malik olacaq: "Hesab edirəm ki, "Gənc Əkinçi" Akademiyası layihəsində iştirak edən gənc jurnalistlər burada öz təcrübələrini təkmilləşdirməklə bərabər peşəkarlardan yeni məlumatlar də əldə edəcəklər. Bu layihə onların xarici mətbuata çıxışını təmin etməklə bərabər həm də ölkəmiz haqqında pis fikirdə olan insanlara əsl həqiqətləri göstərəcək".
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə layihə haqqında ümumi məlumat verib: "Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi münasibətilə biz strateji olaraq gənc jurnalistlərdən ibarət "Gənc Əkinçi" Akademiyası layihəsi çərçivəsində komanda formalaşdırdıq. 35 nəfərdən ibarət Kütləvi İnformasiya Vasitələrinin (KİV), eləcə də informasiya agentliklərinin nümayəndələri bu Akademiyada iştirak edirlər".
M.Seyidov bildirib ki, ümumiyyətlə bəzi dövlətlər ölkəmizin uğurlarını, sabitliyini artıq gözü götürmür: "Biz də çalışırıq ki, ölkəmizin tanıdılması istiqamətində səylərimizi daha da artıraq. Prioritet istiqamətlərimizdən biri odur ki, Azərbaycanın gənc yazarları, jurnalistləri və s. ilə bu istiqamətdə dayanmadan mütəmadi olaraq xarici KİV-lərdə məlumatlar yayaq. Düşünürəm ki, bu, xarici mediada məlumatların üstünlük təşkil etməsinə əsaslar yaradacaq. "Gənc Əkinçi" Akademiyası bundan sonra da davamiyyətli olacaq. Düşünürəm ki, sabah start veriləcək layihə jurnalistlər üçün daha maraqlı olacaq. Həmin layihə çərçivəsində bizim dövlət rəsmiləri də iştirak edəcək".
Sonra layihə iştirakçıları İsmayıllı rayonunun Mədəniyyət sarayında olublar. Bura ilə tanışlıqdan sonra gənc jurnalistlər "İrəli" İB-nin sədri Mirhəsən Seyidovun, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbovun, BDU-nun jurnalistika fakultəsinin müəllimi Cahangir Məmmədlinin və "Türkel" TV-nin (TTV) baş direktoru Nadir Şəfiyevin mühazirələrini dinləyiblər.
Akademiya iştirakçıları günün sonunda təlimlərə və layihənin açılış "Party"nə qatılıblar.
Qeyd edək ki, "İrəli" İB-nin "Gənc Əkinçi" Akademiyası layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə birgə martın 12-15-dək davam edəcək. Təlimlərdən sonra yaradılacaq qrupla mütamadi işlərin aparılması, onlar üçün dil kurslarının təşkili, həmçinin gələcəkdə müxtəlif ölkələrin Kütləvi İnformasiya Vasitələrində təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur. Bu il İsmayıllı şəhərinin "Gənclər paytaxtı" elan edilməsini nəzərə alaraq təlimlər məhz bu rayonda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB