Millət vəkili cəmiyyətə MÜRACİƏT ETDİ

Millət vəkili cəmiyyətə MÜRACİƏT ETDİ

"Mən 15 mart aksiyasını təşkil edənlərə bir şeyi yada salmaq istəyirəm ki, onlar Rusiyada gedən proseslərə diqqət yetirsinlər". Bunu SİA-ya millət vəkili Hadı Rəcəbli "Milli Şura"nın martın 15-nə planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu aksiyanı təşkil edənlər Rusiyadakı "anti-maydan" hərəkatını görməlidirlər: "Onlar görsünlər ki, Rusiya ictimaiyyəti "anti-maydan" deyilən bir addımlar atır. Bəs gəlin görək nə üçün bu addımı atır? Bu gün Ukraynada olan hadisələrin nəticəsi göz önündədir. Artıq xalq, millət bədbəxt olub və əməkhaqqları azalıb. Orada Avropanın istədiyi dəyişikliklər, islahatlar pis nəticələr verir. Bu gün Ukraynada xalqın yaşayış durumu olduqca dəhşətli vəziyyətdədir. Təbii ki, bu yeni bir "maydan"ın olacağından xəbər verir. Ukraynada yenidən dövlət çevrilişi ola bilər. Amma Azərbaycanda bu gün sabitlik var və bu sabitliyi də qorumaq lazımdır. Azərbaycanın sabitliyinə göz yuman və ölkəmizi Ukrayna kimi görmək istəyən mənfur qüvvələr ancaq bu addımları ata bilərlər".

H.Rəcəbli bütün cəmiyyətə müraciət edərək deyib: "Bizim də "anti-maydan", "anti-müxalifət" qüvvələrimiz var və onlar qat-qat-güclüdürlər. Təbii ki, istəyən vaxt biz də ayağa qalxıb bu adamları başından vurub yerində otuzdura bilərik. Özü də bunu söz, əməl, hərəkət və gördüyümüz işlərlə edə bilərik. Düşünürəm ki, bunların hər biri işlərimizə mane olan addımlardır. Onlardan qorunmaq lazımdır. Bu yalnız bizi istəməyən qüvvələrin təhriki ilə ola bilər. Ona görə də mən bütün gənclərimizə, ağıllı adamlara müraciət edirəm ki, Azərbaycanın sabitliyini pozmayaq və ölkəmizin sabitliyini pozmaq istəyənlərə yox deyək!".

Bütün xəbərlər Facebook səhifəmizdə