Elman Nəsirli: "Həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə çağırırıq”
"Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkəmizdə I Avropa oyunları ərəfəsində bəzi yerli qruplar və xarici dairələrin təxribat xarakterli hərəkətlərinin intensivləşməsi, onların motiv və səbəbləri, o cümlədən belə cəhdlərin perspektivsizliyi ilə bağlı dolğun və analitik məzmunlu açıqlaması ölkə daxilində və onun hüdudlarından kənarda ciddi rezonansa səbəb olub. Bu reallığı nəzərə alıb, həmin açıqlamada əks olunan mühüm məsələləri "səbəb", "məqsəd", "təsir mexanizmləri" və "nəticə" parametrləri üzrə təhlil edib, bu kontekstdə bəzi fikir və mülahizələrimizi qədirbilən oxucularımızla paylaşmağı məqsədəuygun hesab edirik". SİA-nın məlumatına bu barədə Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov öz "facebook" hesabında yazıb.
Açıqlamasında "bəzi dairələr I Avropa Oyunlarını Azərbaycana qarşı aparılan "qara piar"ın baş mövzusuna çevirməyə çalışırlar", - deyən Əli Həsənov ilk növbədə bu qərəzli davranış tərzinin həm ümümi, həm də xüsusi səbəblərinə aydınlıq gətirib. Siyasi elmlər dosktoru Elman Nəsirov bildirib ki, açıqlamada ümumi səbəblər qismində Azərbaycanın davamlı şəkildə iqtisadi, sosial, siyasi və humanitar sahələrdə əldə etdiyi uğurların bəzi yerli və xarici qüvvələri olduqca narahat etməsi ilə bağlı məsələlər göstərilib: "Xüsusi səbəblər olaraq isə yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlərin uğurlu həlli və bu prosesin artıq başa çatmaq üzrə olması kimi amillərə diqqət cəlb olunub. Bu reallıqlar fonunda Avropa Olimpiya Təşkilatının öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirməsi Azərbaycanın inkişafını həzm edə bilməyən qüvvələrin yuxusuna haram qatıb. Azərbaycan tərəqqi etdikcə "permanent yuxusuzluq" sindromundan əziyyət çəkən bu qaragüruhçu qüvvələr əvvəcə "siyasi apatiya" vəziyyətinə düşür, sonra isə "psixi sayıqlamalar" fonunda qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər".
YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi bildirib ki, Prezidentin köməkçisinin açıqlamasında reallaşma əmsalı sıfra bərabər olan həmin məqsədlərin mahiyyətinə də aydınlıq gətirilib: "Burada qeyd olunur ki, həmin qüvvələrin məqsədi ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də, mühüm beynəlxalq idman tədbirinə qarşı təxribat törətməklə onun baykot edilməsinə nail olmaqdan ibarətdir. Professor Əli Həsənovun açıqlamasında anti-Azərbaycan qüvvələrin "xəstə təfəkkür"dən qaynaqlanan məqsədlərini həyata keçirmək üçün tətbiq etdikləri təsir mexanizmləri ilə bağlı məsələlər ətrafında da ciddi arqumentlərə söykənən fikir və mülahizələr yer almışdır. Çox hörmətli Əli müəllimin əsaslandırılmış mövqeyinə görə, "Amnesty İnternational" təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir.
Göründüyü kimi, bu tip təzyiq üsulları Azərbaycana münasibətdə yeni deyildir. Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də rastlaşmışıq. Obyektiv naminə onu da qeyd edək ki, Azərbaycanın qazandığı uğurlardan psixoloji sarsıntı və vahimə keçirən "Azadlıq radiosu" başda olmaqla bəzi maraqlı dairələrin son dövrlərdə qeyri-ənənəvi, "kreativ" və "innovativ" qarayaxma kampaniyasına start vermələri diqqətdən yayınmır. Bu məsələyə diqqəti cəlb edən professor Əli Həsənov haqlı olaraq qeyd edir ki, bu qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar. Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi "faktları" ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar".
Politoloq onu da əlavə edib ki, bu yerdə əlavə şərhə ehtiyac yoxdur. Dərin məzmunlu açıqlamasının sonunda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizə qarşı pozuculuq kampaniyasını həyata keçirən yerli qrup və xarici dairələrə kifayət qədər ibrətamiz və olduqca faydalı tövsiyəsini də ünvanlayıb: "Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik".
Bu yerdə həmin qüvvələrə Azərbaycan xalqının müdrik bir kəlamını xatırlatmaq yerinə düşər: "Ziyanın yarısından qayıtmağın özü də bir xeyirdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB