YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin konfransı keçirilib

YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin konfransı keçirilib

Bu gün YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin konfransı keçirilib. SİA-nın rayon təşkilatından aldığı məlumata görə, konfrans iştirakçıları və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abıdəsi önünə tər gül çıçək dəstələri qoyaraq ehtiramlarını bildirib, Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendləri seyr ediblər.

Sonra konfrans YAP rayon təşkilatının iclas zalında davam etdirilib. Konfransı giriş sözü ilə YAP Cəlilabad rayon təşkilatının sədri cənab M.Mirxaslı açıb. Natiq tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbirə qatıldıqları üçün onlara minnətdarlığını bildirib.

"Bu günkü tədbirimiz, YAP rayon təşkilatı gənclər birliyinin fəaliyyətinin təhlil edilməsinə və gələcək perspektivlərinin müəyyən edilməsinə həsr edilib ki, bu da təsadüfi deyil. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və gənclərimiz ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Bu prosesin intensivləşməsi və epizodik, müvəqqəti, kompaniya xarakterli deyil, sistemli hala gətirilməsi məqsədi ilə ölkəmizin rəhbəri və YAP-ın sədrinin təşəbbüsü ilə həyata keçirilən "Dövlət gənclər siyasəti" – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektiv reallaşdırması, cəmiyyətdə layiqli yer tutması üçün zəruri şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və tədbirlər sistemidir.

Bu siyasət, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakını, İstedadlı gənclərə dövlət qayğısını, gənclərin sağlamlığının qorunması və fiziki inkişafını, gənclərin məşğulluğunun təmin edilməsinı, Gənc ailələrə dövlət yardımını, gənclər təşkilatlarına dövlət yardımını və s. ehtiva edir və Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə ünsiyyəti asanlaşdırmaq məqsədi daşıyır.

Bu məqsədlə 1996-cı ildən etibarən müstəqil Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.

1997-ci ildə 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanıb və həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Prezidentin 2005-ci ildə imzaladığı "Azərbaycan Gəncliyi" Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamı da gənclərin potensialından tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədinə xidmət edir. Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib və gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. 2007-ci il ölkədə "Gənclər ili" elan edilib, "Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib, "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" qəbul edilib."2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilib. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib.

Bu proqramların qəbul edilməsindən əsas məqsəd, gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin etmək; gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, bu potensialın reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, bu potensialın səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə zəmin yaratmaqdır.

"Bakı- 2015" Avropa Oyunlarının paytaxtımızda keçirilməsi və bu tədbirin də əsasən gəncləri – az öncə qeyd etdiyim əksər komponentləri - mənəvi-əxlaqi tərbiyədən tutmuş sağlamlığının qorunması və fiziki inkişafa qədər, ölkəmizin təbliğ edilməsinə və vətənpərvərlik ruhunun yüksəldilməsinə qədər hər şeyi ehtiva etməsi söylədiklərimin təsdiqidir.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin yaradılmasını sürətləndirmiş, gənclərin ictimai-siyasi fəallığının artmasına da kömək etmişdir.

Yəni, gənclərimiz ictimai işlərlə yanaşı artıq ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak edir.

Sevindiricidir ki, belə gənclərin əksəriyyəti ölkənin ən aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunur. Partiya üzvü olan gənclərimiz bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Hər bir cəmiyyətin, ölkənin, zümrənin, təşkilatın gələcəyi təbii ki, gənc nəslin əlindədir. Əgər bu gənclər düzgün istiqamətləndirilsə, düzgün tərbiyə edilsə o qurumun və cəmiyyətin gələcəyindən narahat olmamaq olar. Gənclərə qoyulan yatırım, gələcəyimizə qoyulan yatırımdır və bu yatırım nə qədər çox, nə qədər keyfiyyətli və məqsədyönlü olsa gələcəyimiz o qədər parlaq, o qədər mürəffəh olacaq.

Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvu var ki, onların 40 faizi gənclərdir. Bu, təxminən 250 minə yaxın gənc deməkdir. Əlbəttə ki, bu böyük güc deməkdir və Azərbaycan tarixində YAP Gənclər Birliyi qədər böyük bir siyasi gənclər təşkilatı olmayıb. Burada çox fədakar, Vətənini, dövlətini sevən, Heydər Əliyev ideyalarına sadiq olan, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən gənclər birləşib. Bu gün biz bu böyük ordunun - obrazlı desək - bir alayının fəaliyyətini müzakirə edirik", deyə M.Mirxaslı bildirib.

Tədbirdə qonaqlar da iştirak edib. Rayon icra hakimiyyətinin başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Əziz Əzizov, YAP Siyasi Şurasının üzvü, Millət vəkili Mirkazım Kazımov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, icra katibliyinin məsul işçisi Məcid Əhmədov konfrans iştirakçılarına təqdim edilib.

Sonra konfaransın işini aparmaq üçün sədr və katib seçilib və gündəlik təsdiq edilib.

Hesabat məruzəsilə YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin sədri Anar Abdullayevə verildi və o, gənclər birliyinin fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Konfransda Cəlilabad şəhər 3 saylı uşaq bağçasının müdiri Günel Məmmədova, DSMF rayon şöbəsinin məsləhətçisi Orxan Cavadlı, Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad flialının tələbəsi Gülşən Nəcəfova, Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Ziya Quliyev, Rayon təhsil şöbəsinin metodisti Elçin Hüseynov çıxış ediblər.

Məruzə və çıxışlarda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı yüksək dəyərləndirilib. Bu diqqət və qayğıya cavab olaraq gənclər bundan sonra da bütün sahələrdə, xüsusilə də ictimai-siyasi işlərdə daha fəal çalışacaqlarını, Ölkə Prezidentinin bütün çağırışlarına əməli işləri ilə cavab verəcəklərini vurğulayıblar.

Konfrans daha sonra təşkilati məsələlərə baxıb. YAP rayon təşkilatı gənclər birlyinin 21 nəfərdən ibarət şurası, 9 nəfərdən ibarət idarə heyəti seçilib. Konfransda Kazımov Vüsal Adışirin oğlu YAP rayon təşkilatı gənclər birliyinin sədri, Abdullayev Anar Həbib oğlu, Məmmədova Günel Əlibala qızı, Hüseynov Elçin Hüseyn oğlu və Quliyev Ziya Telman oğlu sədr müavinləri seçiliblər.

Konfransda həmçinin Yeni Azərbaycan Partiyası gənclər birliyinin respublika konfransına 3 nəfər nümayəndə seçilib.

Konfrans gələcək dövr üçün konkret fəaliyyət proqramını özündə əks etdirən geniş qətnamə qəbul edib.

Konfransın işində iştirak edən rayon icra hakimiyyətinin başçısı, YAP rayon təşkilatı idarə heyətinin üzvü Əziz Əzizov, YAP Siyasi Şurasının üzvü, Millət vəkili Mirkazım Kazımov, YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, icra katibliyinin məsul işçisi Məcid Əhmədov Konfrans iştirakçıları qarşısında çıxış edib, YAP rayon təşkilatı gənclər birliyinin rəhbər heyətinə seçilmiş gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Onlar həmçinin Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin gənclərə gündəlik diqqət və qayğısını xüsusi qeyd edib, ölkəmizdə yaranmış siyasi sabitlik və iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərin məhz ölkə rəhbəri cənab İlham Əliyevin səmərəli və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırıblar.

Konfransın sonunda YAP rayon təşkilatının sədri cənab M.Mirxaslı gənclərin qarşısında duran vəzifələrdən ətraflı bəhs edib, bununla da konfrans öz işini başa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə