Elman Nəsirli: “Həmsədrlərdən ciddi reaksiya tələb edilir” AÇIQLAMA
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi son dərəcə düyünə düşüb və dalana dirənib". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli mayın 3-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçiriləcək "parlament seçkiləri"nə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki prezidentlər səviyyəsində hətta Xarici İşlər Nazirləri səviyyəsində görüşü təşkil etmək iqtidarında olmadıqlarını artıq yavaş-yavaş etiraf etməyə başlayırlar: "Onların da əsas məqsədi atəşkəs rejimini qoruyub saxlamaqdan ibarətdir. Lakin Ermənistanın davranışı onu göstərir ki, işğalçı ölkə hər dəfə növbəti təxribatlarla atəşkəs rejimini pozur və danışıqlar prosesinin, eləcə prezidentlər səviyyəsində görüşün baş tutmamasına ünvanalanan addımlar atır. Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. İndi də Ermənistanda, qondarma separatçı rejimdə növbəti təxribata hazırlıq prosesinə start verilir".
E.Nəsirli hesab edir ki, belə bir seçkilərin keçirilməsi danışıqlar prosesinə növbəti zərbə olacaq: "Bu bir daha onu nümayiş etdirəcək ki, Ermənistan tərəfinin və onu müdafiə edən separatçı rejimin münaqişənin həlli ilə bağlı heç bir konstruktiv mövqeyi yoxdur. Düşünürəm ki, bu hadisə həmsədrlərin son dərəcə ciddi reaksiyasını tələb edir. Əgər həmsədrlər bu hadisəyə lazımi səviyyədə reaksiya verməsələr hesab edirəm ki, qondarma seçkilərdən sonra növbəti danışıqlar raundunun başlaması ilə bağlı onların bütün cəhdləri mənasız olacaq. Azərbaycan tərəfi də heç şübhəsiz bu məsələni ən yüksək beynəlxalq tribunalarda səsləndirəcək. Beləcə beynəlxalq birliyi qondarma seçkiləri tanımamağa dəvət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB