Bazarlarda qiymət artımı müşahidə edilmir REPORTAJ

Bazarlarda qiymət artımı müşahidə edilmir REPORTAJ

Dolların məzənnəsinin manata nisbətən bahalaşması ölkə ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərində qiymət artımına təsir göstərməyib. Xüsusilə ərzaq və qeyri-ərzaq mallarının qiymətində də bahalaşma müşahidə olunmayıb. Hətta dünəndən etibarən bəzi supermarketlər, mağazalar qapılarını alıcıların üzünə açıq saxlayıb. Səbəb isə bütün malların qiymətlərinin əvvəlki kimi qalması idi.

Biz də çəkiliş qrupu olaraq şəhərimizdə fəaliyyət göstərən bir neçə bazara, supermarketə, mağazaya yollandıq. Orada qiymətlərdə hansısa dəyişikliyin olub-olmadığını öyrənməyə çalışdıq.

İlk öncə paytaxtımızda fəaliyyət göstərən bazarlardan birinə - "Təzə bazar"a yollandıq. Satıcı Səhhət Rəhimov deyir ki, insanları panikaya salmağa heç bir ehtiyac yoxdur.

Satıcı Səhhət Rəhimov: "Bir ay bundan öncə satdığım meyvə-tərəvəzin qiyməti ilə bugünkü satışın qiyməti eynidir. Əgər kimsə də buna inanmırsa gəlib özü "Təzə bazar"da bunun şahidi ola bilər. Düzdür, dolların qalmağına görə şayiələr yayılır ki, bazarlarda qiymətlər qalxıb və s. Mən onlara demək istəyirəm ki, bunların hamısı yanlışdır. Sadəcə olaraq kənardan gələn məhsulların qiymətində bahalaşma ola bilər, amma yerli məhsulların heç birində qiymət artımı yoxdur".

Alıcı Almaz Qədirova: "İnandırım sizə oğlum, "Təzə bazar"da heç bir ərzaq, meyvə-tərəvəz məhsullarının qiymətində artım yoxdur. Hətta deyim ki, məhsulların qiyməti qat-qat aşağıdır amma gəl ki, alan da yoxdur. 50, 60, 70 qəpiyə kartofun qiymətidir. Gündəlik həmişə 4-5 manat pul xərcləyirəm".

Satıcı Cəmil İsayev: "Öz məhsullarımızı əvvəlki qiymətə alıcılara necə satırdıqsa, elə də bunu davam etdiririk. Cürbəcür qiymətə mallarımız var. Alıcılar mütəmadi olaraq bazara gəlir və rahat şəkildə də bazarlıq edirlər".

Satıcı Faiq Mehralıyev: "Göyərtinin qiymətində də heç bir qiymət artımı baş verməyib. Hətta istəyən olsa 15 qəpikdən də verərəm. Alıcılar gəlib altısı bir manatdan olmaqla müxtəlif dəst göyərtilər alırlar".

Alıcı Mirzə Həsrətoğlu: "İnandırım sizi, mənim evə aldığım gündəlik tələbatların qiymətində stabillik hökm sürür. Əvvəl qiymət necə idisə, indi də elədir. Hazırda da bazarlıq edirəm. Düşünürəm ki, insanların canına xof salmaq düzgün deyil. Bundan ən çox qazanan bəzi dəllallardır".

Dönər satan Şahid İbrahimov: "Bizdə qiymətlər əvvəlki kimidir. Əvvəl 1.50 qəpiyə satdığımızın dönəri, indi eyni qiymətlə də alıcılara təqdim edirik. İnanın ki, dolların qalxmasının bizə heç bir təsiri olmayıb. Dönərin qiyməti stabil vəziyyətdə qalır və alıcı sarıdan da heç bir korluq çəkmirik. Axı nəyə görə qiymət qalxmalıdır? Bütün bunlar şayiədən başqa bir şey deyil".

Şəhər sakinləri də dolların qiymətinin artmasının onlara heç bir təsir göstərmədiyini dilə gətirdilər. Sadə vətəndaşlar deyir ki, əsas insana can sağlığı lazımdır, qalan şeylər düzələndir.

Şəhər sakini Yasəmən İsmayılova: "Gündəlik aldığım tələbat mallarının qiymətində heç bir artım yoxdur. Bəlkə də məndən çox bazarlıq edən az adam tapılar. Dükanlarda da süni qiymət artımına rast gəlmədim. Mən əvvəl bazarlığı hansı qiymətlə edirdimsə, indi də o cür vəziyyətdə edirəm. Bununla bağlı heç bir narazıçılığımız yoxdur".

Şəhər sakini Filipeks Məmmədov: "Mənim gündəlik xərcim 15 manatdır. İndi də eyni qiymətlə evə bazarlıq edirəm. Heç bir dəyişiklik yoxdur. İnsanları vahiməyə salmağa ehtiyac yoxdur".

Şəhər sakini İsgəndər Mehdiyev: "Vallah qiymətlərdə heç bir dəyişiklik yoxdur. Çörək, yağ, qida məhsulları gündəlik bizim tələbatımızdır. İnanın ki, bunların heç birində süni qiymət artımının şahidi olmamışam. Bu gün və dünən də evə bazarlıq etmişəm. Guya ki, siqaretin qiymətində bahalıq var. Axı bunun məsələyə nə dəxli var. Qoy heç o çəkilməsin. İnsanlara bu gün lazım olan əsas qida məhsullarıdır".

Taksi sürücüsü Əbülhəsən Məhərrəmov: "İnanın ki, heç bir bahalaşmanın şahidi olmamışam. Düşünürəm ki, insanları panikaya salmaq da düzgün deyil. Mən xeyli müddətdir taksi fəaliyyəti ilə məşğul oluram. Əgər insanların gündəlik istifadə etdikləri nəqliyyatda qiymətlər qalxsa idi bundan ilk olaraq mənim xəbərim olardı. Azərbaycan güclüdür və dövlətimiz hər şeyin öhdəsindən də layiqincə gəlir. İnanırıq ki, hər şey bundan sonra daha da yaxşı olacaq".

Daha sonra bəzi supermarket və mağazalarda ərzaq məshullarının qiyməti ilə elə yerindəcə tanış olmaq qərarına gəldik.

Alıcı İsgəndər Hüseynzadə: "Mən mütəmadi olaraq şəhərimizdə ən böyük supermarketlərdə alver edirəm. İndiyədək də heç bir qiymət artımının şahidi olmadım. Ən çox aldığım çörək, qənd, un, yağ və digər məhsullarda heç bir qiymət artımına rast gəlmədim. Dolların qiymətinin qalxması supermarketlərə təsir göstərməyib".

Alıcı Ocaqverdi Ocaqverdiyev: "Mütəmadi olaraq alış-veriş etdiyim böyük dükanların heç birində süni qiymət artımı ilə rastlaşmadım. Düşünürəm ki, heç bir narahatçılığa da ehtiyac yoxdur".

Satıcı Rafiq Məmmədov: "Həmişəki qaydada eyni qiymətə hər şey satılır. Düşünürəm ki, bəzi dəllaların qiymətləri süni şəkildə qaldırması düzgün hərəkət deyil. Sonda bundan biz dükanlar əziyyət çəkirik".

Qiymətlə isə belədir: Mərcimək 1.98 qəp, pendir 5.25 qəp, noxud 1.85 qəp, qənd 1.15 qəp, çay paketinin bir qutusu 0.86 qəp, xiyar tuşusunun bir bankası 1.67 qəp, çörək 30 qəp və s.

Dolların bahalaşması restoranlara təsir göstərməyib. Paytaxt şəhərimizin bir neçə tanınmış şadlıq sarayına müraciət edərək, qiymətləri elə yerindəcə öyrənməyə çalışdıq.

Restoranlardan əldə etdiyimiz məlumata görə hələ ki, qiymət artımı özünü göstərmir.

Restoran administratoru Fuad Həsənov: "Bizim restoranda heç bir qiymət artımı yoxdur. Yeməklər, içkilər əvvəlki kimi öz qiymətindədir. Məsələn, hər gün 6 manata satdığımız "biznes loung" yemeyi bu gün də eyni qiymətə müştərilərə təqdim olunur. Suplar isə 4.50 qəp, 5 manatdır. Bütün qiymətlərimiz olduğu kimi qalır".

Sonda bizdə belə qərara gəldik ki, dolların məzənnəsinin qalxması sadə vətəndaşlarımıza heç bir narahatçılıq yaratmamalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə