Bayram Səfərov Uorlikin fikrinə münasibət bildirdi

Bayram Səfərov Uorlikin fikrinə münasibət bildirdi

ATƏT Minsk qrupunun həmsədri Ceyms Uorlik bir neçə gün öncə mediamax saytına "Ermənistan və Azərbaycan prezidentləri biri biriləri ilə çox səmimi idilər" başlığı altında verdiyi açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında dialoq va etimad kimi bir sıra önəmli məqamlara toxunub. Həmsədr bildirib ki, qarşılıqlı inamın bərpası üçün tərəflər arasında görüşlərin keçirilməsi çox vacibdir. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov Ceyms Uorlikin bu fikirləri ilə bağlı SİA-ya münasibət bildirib.

O deyib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu məsələdə daima konstruktiv mövqe sərgiləyir və daima dialoqa açıq olduğunu bildirir: "Bu baxımdan biz dəfələrlə bildirmişik ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoq vacibdir və bu qarşılıqlı inamın bərpa olunması və sülh sazişinin əldə olunmasından sonra əhəmiyyətli rol oynaya bilər. Lakin, Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe sərgiləmir. Biz dəfələrlə bu cür görüşlərin təşkil olunmasına çağırsaq da, qarşı tərəf buna imkan vermir və hər vəchlə maneə olur. Dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu çox vacib və önəmlidir. Həmsədrlər bu məsələdə ciddi səy göstərməli və ciddi təkliflər irəli sürməlidirlər. Biz bütün görüşlərimizdə həmsədrlərə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mövqeyini açıq şəkildə bildiririk və inanırıq ki, dialoq və etimad quruculuğunun vacibliyindən danışarkən bizim bu barədə ciddi səy və təkliflərimizi nəzərə alacaqlar".

B. Səfərov vurğulayıb ki, bundan başqa dialoq və etimad məsələsində daima destruktiv mövqe sərgiləyən Ermənistan indi də yeni bəhanələrə əl atır: "Belə ki, Ermənistan xarici işlər naziri ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşdə qondarma rejimin danışıqlarda iştirakı kimi cəfəng fikirlə çıxış edib. Lakin, bu zamanadək danışıqların hər hansı bir mərhələsində qondarma rejim iştirak etməmişdir və edə də bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə