Rasim Musabəyov: “Dağlıq Qarabağla bağlı da adekvat fikir sərgiləsinlər” MÜNASİBƏT
"Cənab Prezident də qeyd etmişdi ki, Dağlıq Qarabağ hadisələri ilə Ukrayna hadisələrində müəyyən oxşarlıq var". Bu fikirləri SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Qarabağ məsələsində irəliləyişin mümkünlüyünün Ukraynada baş verən proseslərin nəticəsindən asılı olacağı fikrinə münasibətni bildirərkən deyib.
Politoloq hesab edir ki, Qərb hazırda Ukraynada olduğu kimi, Qarabağ məsələsində fəallıq nümayiş etdirməyib: "Təəssüf ki, Qarabağda hadisələr törədildiyi zaman Qərb kənardan müşahidə edərək, heç bir reaksiya vermirdi. Ölkə Prezidenti cənab İlham Əliyev isə Qərb dairələrindən məhz prinsipial yanaşmanı tələb edir. Necə ki, Ukrayna məsələsinə yanaşırlar. Yəni zəhmət çəksinlər, eyni ilə Dağlıq Qarabağla bağlı da adekvat fikir sərgiləsinlər. Eyni zamanda, Ermənistan rəhbərliyinə bir sıra qadağalar qoysalar, sanksiyalar irəli sürsələr, hesab edirəm ki, bu daha doğru addım hesab edilə bilər".
Rasim Musabəyov qeyd edib ki, bütün bunların yerinə Qırb təşkilatları, o cümlədən, ATƏT-in Minsk qrupu Ermənistanı himayə etməklə, başını sığallamaqla öz maraqlarına uyğun hərəkət etməyə məcbur edirlər: "Ukraynada özlərinə qarşı təhlükə görən Qərb ərazi bütövlüyündən, suverenlikdən danışmağa başladı. Azərbaycana gəlincə isə, yalnız erməniləri dilə tutmağı tövsiyə edirlər. Bu baxımdan rəsmi Bakı ABŞ-dan, eləcə də bu yöndə fəaliyyət göstərən digər dövlətlərdən prinsipial yanaşma çərçivəsində bu və ya digər məsələləri həll etməyi tələb edir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB