Aydın Mirzəzadə: “Bu, radikallardan imtina anlamını daşıyır” MÜNASİBƏT

Aydın Mirzəzadə: “Bu, radikallardan imtina anlamını daşıyır” MÜNASİBƏT

"Ölkəmizlə bağlı məlumatlar çoxaldıqca, artıq ABŞ proseslərə adekvat qiymət verməyə başlayır. Çünki buna qədər bəzi hallarda ABŞ Azərbaycanda gedən prosesləri digər ölkələrlə eyniləşdirməyə çalışırdılar". Bu fikirləri SİA-ya millət vəkili, YAP siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nullandın rəsmi Bakıya səfəri çərçivəsində radikal müxalifət liderləri ilə görüşməməsinə, eləcə də düşərgə mətbuatında çıxış etməməsinə münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, istər ABŞ, istərsə də Qərb siyasi dairələrinə yanlış məlumatlar ötürən radikal müxalifət təmsilçiləri bununla Azərbaycan reallığına qarşı özlərinə sərf edən hesabatlar qazanmağa çalışıblar: "Radikal müxalifət dairələrinin xaricdəki mərkəzlərlə bağlılığı nəticəsində onlara ötürdükləri məlumatlar bəzi hallarda ölkəmiz haqqında yalnış təəssürat yaratmağa əsas zəmin yaradırdı. Azərbaycanın dövlət quruculuğunda, demokratik cəmiyyətin əsasını qoymasında qazandığı uğurlar istənilən təbliğatın, yalnış məlumatın qarşısına ciddi arqument kimi çıxmağa başladı. ABŞ-la Azərbaycan arasında bu gün çox sıx, bütün sahələri əhatə edən münasibətlər var. Vaxtaşırı səfərlər, həm iqtidar, həm də müxalifətlə görüşlər onlarda Azərbaycanda həqiqətin harda olduğunu, problemlərin nədən qaynaqlandığını çox gözəl anlayırlar".

Aydın Mirzəzadə həmçinin bildirib ki, əslində, bu kimi hal birinci dəfə baş vermir: "Birinci dəfə deyil ki, ABŞ rəsmiləri radikal müxalifətin və yaxud da Azərbaycanla bağlı xüsusi tapşırıqları yerinə yetirən "milli qüvvələrin nümayəndələri" ilə imtina ediblər. Çünki həmin qüvvələrin qeyri-obyektiv olduqlarına artıq inanıblar. Radikal müxalifətin verdikləri məlumatlar dövlətlərarası münasibətləri genişləndirmək, həqiqi demokratik dövlət quruculuğuna kömək etmək əvəzinə vəziyyəti gərginləşdirməyə hesablanıb və dar partiya maraqlarının həyata keçməsinə xidmət edir. Nullandın həmin nümayəndələrlə görüşdən imtina etməsi, o cümlədən radikal müxalifət mətbuatını tanımaması bu kimi tendesyaları gələcəkdə də davam etdirəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə