Politoloq: “Azərbaycanı Aİ-ə qoşmaq üçün Rusiya nə isə verməlidir”
"Rusiyanın indiki durumu onu yeni manevrlər etməyə və özünə yeni müttəfiqlər axtarmaq məcburiyyəti qarşısında qoyub". Bunu SİA-ya politoloq Qabil Hüseynli Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası işləri üzrə sədr müavini Vladimir Nikitinin Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqına qoşulacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya üçün bu müttəfiqlər xüsusi çəkiyə malik, iqtisadi potensialı, dünyada olan şöhrəti Ukraynadakı itkiləri ödəmək imkanına malik olmalıdır: "Post Sovet məkanında Qazaxıstandan sonra belə bir çəkiyə malik olan ölkə Azərbaycandır. Rusiya bütün müsəlman dünyasına yaxınlaşma siyasətini Azərbaycan və Türkiyə vasitəsi ilə qurmaq istəyir. Hətta, bəzi siyasi ekspertlər Rusiya, Türkiyə və Azərbaycan blokunun formalaşması barədə fikirlər irəli sürürlər. Doğrudur, belə şərhlərin verilməsi hələ tezdir. Amma, bütün bunlara baxmayaraq belə bir fikir ictimai rəydə öz yerini tutmaqdadır".
"Vladimir Nikitin Kremlə yaxın olan şəxsdir. Eyni zamanda Kreml mətbəxindəki sirləri və texnologiyaları çox yaxşı bilir. Görünür, Kremldə Dağlıq Qarabağ probleminin bu regionda həm iqtisadi inkişaf, həm də Rusiyanın regiondakı strateji maraqlarının reallaşması üçün ciddi əngəl olduğunu yaxşı başa düşənlərin sayı xeyli artıb. Ona görə də bu problemin optimal həllini tapmağa çalışırlar. Bu fikirlər bu günün deyil. Hələ ötən ildə Rusiya tərəfindən Dağlıq Qarabağ probleminin həllinə dair müəyyən fikir və variantlar ortaya atılmışdı. O zaman ermənilər Dağlıq Qarabağ əldən gedir deyə vay şüvən qopararaq rusları nəzərdə tutduqları düşüncələrdən geri çəkilməyə məcbur etdilər. Amma, bu gün elə bir vəziyyət yetişib ki, Rusiya Ermənistanda vəziyyətin sabit olmadığını başa düşür. Onu da anlayır ki, Ermənistandakı hadisələr Serj Sarkisyanın devrilməsinə gətirib çıxaracaq. Rusiya Ermənistan tərəfindən arxayın deyil və işğalçı ölkə artıq forpost rolunu oynaya bilmir. Eyni zamanda Rusiyanın Gürcüstanla da vəziyyəti gərgindir. Azərbaycanla münasibətlər normal olsa da Rusiya başa düşür ki, Azərbaycanın aqressiv separatizmlə bağlı ciddi problemləri var. Bu problemlərin isə Rusiyadan qaynaqlandığını Azərbaycan tərəfinin yaxşı başa düşdüyünü ruslar da anlayır. Bu nöqteyi nəzərdən Azərbaycanı öz tərəfinə çəkmək, Azərbaycanı Avrasiya İttifaqına (Aİ) qoşmaq üçün Rusiya nə isə verməlidir", – Politoloq vurğulayıb.
Q. Hüseynli deyib ki, Azərbaycanın Aİ-ə daxil olması ilə Dağlıq Qarabağ probleminin həll olunması fikri Rusiyaya məxsusdur: "Azərbaycan ancaq, öz problemlərini həll etdikdən sonra Rusiyanın müəyyən arzularını yerinə yetirməyə razı ola bilər. Ona görə də güman edirəm ki, səslənən fikirlərdə mahiyyət etibarı ilə həqiqət var. Amma, müəyyən qeyri-dəqiqliklər də var. Çünki, Azərbaycan tərəfinin bununla bağlı mövqeyi və siyasi platforması bəyan edilməyib. Ancaq, nəzəri ehtimallarla irəli sürmək olar ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyincə hər hansı bir dövlətin strateji maraqlarının təmin edilməsi istiqamətində addım ata bilməz. Bunu başa düşən Rusiya optimal nizamlama variantı deyən termin ortaya atır. Yəqin ki, bu nizamlama variantı Azərbaycanın strateji maraqlarını özündə ehtiva etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB