Vüqar Rəhimzadə: “Azərbaycanda söz və mətbuat azadlığı dünyaya bir nümunədir” AÇIQLAMA
"Hesab edirəm ki, ABŞ Nümayəndələr Palatasında Azərbaycanla bağlı keçirilən dinləmələrdə ölkəmizdə söz və mətbuat azadlığı, eləcə də insan hüquqları məsələsi ilə bağlı göstərilən arqumentlər əsassızdır və heç bir reallığı əks etdirmir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
"İki Sahil" qəzetinin baş redaktorun sözlərinə görə, Azərbaycanda söz, mətbuat, fikir azadlığı ilə bağlı kifayət qədər zəngin qanunvericilik bazası mövcuddur: "Həmçinin dövlətimizin bununla bağlı çox uğurlu siyasəti var. Məhz onun nümunəsidir ki, bu gün ölkəmizdə 5 mindən artıq Kütləvi İnformasiya Vasitəsi (KİV) qeydiyyatdan keçib. Azərbaycanda bütün qəzetlər, elektron media orqanları tam sərbəst, demokratik və azad şəkildə fəaliyyət göstərirlər. Hesab edirəm ki, Azərbaycanda dünyanın bir çox ölkələrinə nümunə olacaq bir model formalaşıb. Təbii ki, bununla bağlı Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı var. Qəzetlərin maddi, iqtisadi durumunun yaxşılaşması ilə bağlı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması xüsusi önəm kəsb edir. Eyni zamanda jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşması məqsədilə dövlət tərəfindən onlara tam yüksək şəraitə malik yeni mənzillərin verilməsi bütün bunlara bariz nümunədir. Bu, dünyanın heç bir ölkəsində müşahidə edilməyib. Bütün bunlar olduğu halda ölkəmizə qarşı qərəzli fikirlərin yerin alması absurd təxəyyülün nəticəsidir. Hesab edirəm ki, bunlar yolverilməzdir. Azərbaycan dövləti tərəfindən məhkum olunmuş şəxslərin əfv edilməsi ilə bağlı verilən sərəncamlar humanizmliyin bir göstəricisidir. Azərbaycanda hər bir vətəndaş, şəxs qanunlar çərçivəsində istənilən fəaliyyətlə məşğul ola bilir. Özünü demokratiya carçısı elan edən bəzi dövlətlərdə isə bu sahədə qanun pozuntuları daha çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB