"AŞ, BMT və ATƏT kifayət qədər gücü olmayan qurumlardır" MÖVQE

Çingiz Qənizadə: ““Bunu etməlisən!” fikri doğru deyil!”
"AŞ, BMT və ATƏT kifayət qədər gücü olmayan qurumlardır" MÖVQE

"Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar bəzən qərəzli ola bilir. Hətta ultimativ tələb formasında belə qərarlar qəbul edilir". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə Avropa İnsan Haqları Məhkəməsinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qərarlara münasibətini bildirərkən deyib.

"Əslində Avropa Məhkəməsi harada qanun pozuntusu olduğunu qeyd etməklə hər hansı bir məsələyə yenidən baxılmasını göstərə bilər"-deyə qeyd edən Çingiz Qənizadə bildirib ki, bu məhkəmələr ölkəmizə ancaq tövsiyə xarakterli məsləhətlər verə bilər: "Ancaq "bunu etməlisən!" deyə bir fikir doğru deyil. Bəzi hallarda Avropa Məhkəməsinə şikayət edən şəxsin müraciətinə baxılaraq ona dövlət tərəfindən təzminat ödənilməsi təmin edilir. Bu zaman dövlət təzminatını ödəyir".

Millət vəkili bir sıra şəxslərin simulyasiya edərək, üzərində olan məsələləri siyasiləşdirib Avropa Məhkəməsinə müraciət etdiyini deyib: "Kimlərsə özünü siyasiləşdirərək bu yolla dövlətdən təzminatlar almağa müvəffəq olublar. Amma gəlin görək sözügedən məhkəmənin qəbul etdiyi qərarlar hər zaman ədalətlidirmi? Hesab edirəm ki, ədalətli deyil. Həm Avropa Şurasının, həm BMT-nin, həm də ATƏT-in kifayət qədər gücü olmayan qurumlar olduğunu söyləyə bilərik. Çünki onlar artıq dövlətlərə təsir etmək nüfuzunu itiriblər, müəyyən məsələləri həll edə bilmirlər".

Çingiz Qənizadə irəli sürdüyü fikrə misal da gətirib: "Misal olaraq BMT-nin dörd qətnaməsini, ATƏT-in Minsk qrupunun fəaliyyətini göstərə bilərik. Bu gün Avropa Şurasının rəhbərliyi iki kəlbəcərli soydaşlarımızın girov götürülməsi məsələsindən konkret yayınırsa, bu artıq Avropanın Azərbaycana münasibətinin bir hissəsidir, bir göstəricisidir. Hesab edirəm ki, bu qurumlar müəyyən məsələləri araşdırarkən ədalətli və doğru qərar qəbul etmək üçün siyasi prizmadan çıxış etməməlidir".

Erməni işğalına məruz qalmış Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərinin hansı vəziyyətdə qalmasına da münasibət bildirən millət vəkili qeyd edib ki, həmin qurumda ərizə və şikayətlərin izlənməsi və eləcə də, bu prosesin necə həyata keçirilməsini izləməyə imkanımız yoxdur: "Avropa Məhkəməsində bu işlə məşğul olan, peşəkar hüquqşünas fəaliyyət göstərir. Bu məsələlərlə bağlı o, daha yaxşı açıqlama verə bilər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə