"ABŞ dövlət rəsmisi Lük Koffinin Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükəli olması barəsindəki sözlərinin arxasında ABŞ-ın real hərəkəti durmalı idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, ABŞ Ermənistanın təcavüzkar siyasətinə göstərdiyi dəstəyi ona və qondarma Dağlıq Qarabağa etdikləri yardımlarla bir daha sübut edir: "Mən hesab edirəm ki, bu, ABŞ siyasətinin ikili standartlarının göstəricisidir. ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik də fəaliyyətə başladığı gündən etibarən çox ümidverici çıxışlar edib və münaqişənin həll olunmasının vacibliyini dəfələrlə qeyd edib. Amma sonradan o da digər həmsədrlər kimi fəaliyyətsizlik nümayiş etdirdi və mənasız bəyanatlar verməklə işini bitmiş hesab etdi. Ümumiyyətlə indiki şəraitdə hər bir ABŞ rəsmisinin fikirləri eyni məzmunda olur. Bütövlükdə ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmaqla münaqişəyə obyektiv yanaşmalıdır. Bütövlükdə ABŞ işğalçı və işğala məruz qalan tərəf arasında fərq qoymalıdır. Hesab edirəm ki, Lük Koffinin bu bəyanatı da heç bir əhəmiyyət daşımır".
Bütün xəbərlər Facebook səhifəmizdə