Müsavat Partiyasının başqanı Arif Hacılının partiya daxilində narazılara qarşı təmizləmə kampaniyası aparması ikincilərin sərt bəyanatları ilə nəticəsini tapmaqda davam edir. SİA-ya daxil olan məlumata görə, partiya başqanının və ətrafındakıların avtoritar idarəçilik sistemi quraraq, bir sıra müsavatçıları təşkilatdan xaric etməsinə, eləcə də getmək istəməyənlərin oradan uzaqlaşmağa məcbur edilməsinə cavab olaraq, yardılan Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi kəskin bəyanat yayıb. Müdafiə Komitəsinin sədri Əlövsət Əhədoğlunun hazırladığı bəyanatda bildirilir ki, Müsavat Partiyasında özünü Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) adlandıran qurum siyasi dələduzluqla məşğuldur və Müsavatın təməl prinsiplərini ayaq altına alaraq, partiyanı məhvə doğru sürükləməklə məşğuldur. Sitat: "Hər kəsin diqqətinə çatdırıram ki, 07.02.2015-ci il tarixdə, saat 17.00 üçün Müsavat Partiyasında özünü MNTK adlandıran qeyri-legitim qurum tərəfindən iclasa dəvət olunmuşdum. Dəvət edən şəxs Sevinc Hüseynova dəvətin motivi haqqında bildirdi ki, çıxışlarımda seçki saxtakarlıqları və hazırda partiya orqanlarının əksəriyyəti adından çıxış edən şəxslərin səlahiyyətlərinin legitim olmaması barədə ittihamlarım "yaxşı alınmır" və həmin ittihamların reallığa uyğun olub-olmaması üzrə araşdırma aparmaq istəyirlər".
Əlövsət Əhədoğlu sözüfedən bəyanatda daha sonra bildirib ki, o MNTK adından çıxış edən şəxslərin legitimliyini tanımadığını dəfələrlə bəyan edib. Lakin Müsavat Partiyası VIII Qurultayına hazırlıq, keçirilməsi və qurultaysonrası seçki saxtakarlıqlarını bu araşdırma vasitəsilə videofakta çevirmək məqsədilə dəvəti qəbul edib və iclasın aşkarlıq şəraitində keçirilməsi, video çəkilişə icazə verilməsi, VIII Qurultaya aid müvafiq sənədlərin və Qurultaya aid video çəkilişin iclasa gətirilməsi və onlar üzrə araşdırma aparılmasına şərait yaradılması şərtləri daxilində həmin iclasda iştirak edəcəyini bildirib: "Dəvət edən şəxs göstərilən şərtlərin təminatında heç bir problem olmadığını dedi. İclas başlayanda isə mənə bildirildi ki, video çəkilişinə icazə verilməyəcək və yalnız iki nəfər müşahidəçinin iştirakına icazə verilir. Videoçəkilişə icazə verilməməsini isə absurd arqumentlərlə, məsələn, kiminsə ailəsinin icazə verməməsi, kiminsə şəklinin videoya düşməsinə razı olmaması və s.ilə izah etməyə çalışdılar. Mən bir saata yaxın müddətdə onlara hüququn bu istiqamətdə tələblərini çatdırsam da, sadəcə olaraq, başa düşmək istəmədilər. Mən onların legitimliyini tanımadığımı əsaslandırdım, çəkiliş aparılması şərtilə saxtakarlıq faktlarının araşdırılmasına razı olduğumu bildirdim və iddia etdiyim saxtakarlıq faktlarının araşdırılmasına başlamadan iclası tərk etdim".
Daha sonra bir neçə hissədən ibarət olan tələb müddəalarını da qeyd edən Müsavat Üvlərinin Müdafiə Komitəsinin sədri sonda həmin bəyanatda bildirib ki, onun həmin toplantıda iştirak etməyə razılığı toplantının video çəkilişinin aparılması və müşahidəçilərin iştirakının təmin edilməsi ilə şərtləndirilmişdi: "Həmçinin həmin toplantıda mənim partiya məsuliyyətimin qoyulması elan edilməmişdi və edilmədi. Lakin özünü MNTK adlandıran qondarma qurum, güya, mənim MNTK-da öz iştirakımla partiya məsuliyyətimin qoyulması və mənim partiya sıralarından azad edilməyim barədə mətbuata məlumat ötürüblər...
Ona görə də KİV orqanlarından bu bəyanatın ictimaiyyətin diqqətinə çatdırmalarını təmənna edirəm və bütün məsuliyyətimlə bəyan edirəm ki, bu, Müsavat Partiyasında özünü MNTK adlandıran qondarma qurumun siyasi dələduzluğundan başqa bir şey deyil və Müsavat Partiyasında Arif Hacılı qaragüruhunun hüquqsuzluq mühiti (bespredel) yaratmasının açıq təzahürüdür!
Bu bəyanatla bütün sağlam əqidəli müsavatçıları Arif Hacılı qaragüruhuna qarşı mübarizəyə səsləyirəm və bildirirəm ki, Müsavat Partiyasını məhv olma təhlükəsindən xilas etmə missiyasını öz üzərimizə götürmək bizim vicdan borcumuzdur!"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB