Millət vəkili: "Qohumların ailə qurması yanlışdır" AÇIQLAMA

"Qohumların bir-biri ilə ailə həyatı qurması həm psixoloji, həm tibbi, həm də etik baxımdan düzgün deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva söyləyib. Bildirib ki, qohumların ailə qurması yanlışdır: "Son zamanlar qüsurlu doğulan uşaqların əksəriyyəti qohum evliliklərindən dünyaya gələnlərdir. Daha çox talassemiya, ürək qüsuru kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu da cəmiyyətə yaralı vətəndaş verməyimizlə nəticələnir. Bu məsələ ilə bağlı müzakirələr də olub. Cəmiyyətin müxtəlif təbəqələrində, xüsusilə tibb sahəsində çalışan peşəkarlar həyəcan təbili çalır ki, qohumlar bir-biri ilə ailə qurmasınlar. Ən azından gənclər nikaha daxil olarkən sağlamlıq müayinəsindən keçsin, qanlarını yoxlatdırsınlar. İnsanlar təkcə bu gününü fikirləşməməlidirlər. Gələcəyə xəstə, şikəst, bir sözlə cəmiyyətdən təcrid olunmuş övlad gətirməyin mənası varmı? Bunun çarəsini tapmadan valideynlər xəstə övlad dünyaya gətirməməlidirlər. Qohum evliliyi bizim tariximizdən gəlmə bir ənənədir. Düşünürəm ki, bu cür fikirlərdən şəhərdə müəyyən qədər uzaqlaşma olsa da təəssüf ki, ucqar rayonlarımızda bu ənənə hələ də qalmaqdadır. Bir sözlə bu cür düşüncədən uzaqlaşmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə