"Yetkinlik yaşına çatmayan uşaqlar qanun pozuntusuna görə cəza alarkən onlara əsasən şərti cəza verilir. Çünki yetkinlik yaşına çatmadıqları nəzərə alınır. Bizim Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilərək Avropa standartlarına uyğun liberallaşma islahatları aparılıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Elmira Axundova söyləyib.
Bildirib ki, buna görə yetkinlik yaşına çatmayan uşaqlar ağır cəzaya məhkum olunmurlar: "Ağır və xüsusilə ağır (əsasən, qətl və zorlama) cinayətlərə görə yetkinlik yaşına çatmayanlar həbs cəzası ala bilərlər. Ona görə bizim islah müəssisələrində yetkinlik yaşına çatmayanların sayı məhduddur. Onların islah olunması məsələsi isə həmin müəssisələrdə ciddi aparılır. Cəzaçəkmə müəssisələrini ziyarət edən adam kimi deyə bilərəm ki, orada idman, əyləncə, ibadət, kitab oxumaq, təhsil almaq və s. şəraitlər yüksək səviyyədə təşkil olunub. Hətta bildiyimə görə yetkinlik yaşına çatmayan məhbuslar məhz cəza çəkmə müddətində təhsilə yiyələnir, oxumaq, yazmaq vərdişləri qazanırlar, hətta orta təhsilini başa vuranlar olur. O ki, qaldı onların azadlıqdan çıxdıqdan sonra cəmiyyətə adaptasiya məsələsinə, şəxsən mən Milli Məclisdə 2007-ci ildə qəbul olunan "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanunun müəllifiyəm və orada bütün bu suallara, belə insanların cəmiyyətə uyğunlaşması kimi mühüm məsələlərə toxunulub. Biz Millət vəkilləri bu məsələyə öz töhfəmizi vermişik. İndi əsas məsələ qanunun icrasındadır. Həm valideynlərin, həm icra hakimiyyətlərində fəaliyyət göstərən yeniyetmələrlə iş üzrə komissiyaların, həm də bu qanunun icrasını həyata keçirməli olan qurumların üzərinə böyük məsuliyyət düşür. Bundan əlavə, belə insanlar həm şəhərdə, həm də kənd yerlərində fəaliyyət göstərən Gənclər Təşkilatlarının diqqət mərkəzində olmalıdırlar. Həmin təşkilatlar bu cür təbəqələrlə işi intensivləşdirməli, aktivləşdirməli, bu insanları nəzərdən qaçırmamalıdırlar. Onlar həbsdən yenicə çıxanda cəmiyyət üçün böyük risk zonasına çevrilirlər. İşsizlikdən, ağır maddi və sosial vəziyyət ucbatından yenidən cinayət törədə bilərlər. Bu cür məsələlərin müzakirəsi, problemin işıqlandırılması KİV nümayəndələrinin üzərinə düşür. Amma təkcə məsələni işıqlandırmaqla kifayətlənmək olmaz, bu cür yeniyetmələrin cinayət törətməsi səbəbləri, problemin həlli yolları KİV və cəmiyyətin özü tərəfindən ciddi araşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB