Ermənistanda repressiya davam edir HƏBSLƏR

Levon Barseqyan: “Rejim insanları girov götürür”
Ermənistanda repressiya davam edir HƏBSLƏR

Dünən Ermənistanın Şirak vilayətinin Sarnaxbyür kəndinin 22 yaşlı sakini Mnatsakan Aleksanyan həmin vilayətin Maralik şəhərinin istintaq idarəsinə aparılıb. SİA xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun İrəvan bürosuna erməni gəncin ailəsi məlumat verib.

Aleksanyanın ailəsindən bildirilib ki, onun istintaq idarəsinə aparılmasına səbəb yanvarın 15-də Gümrüdə baş verən hadisələrlə bağlıdır. Belə ki, Mnatsakan Aleksanyana polis tərəfindən çağırış vərəqəsi göndərilməyib və onu qeyri-qanuni şəkildə həbs ediblər.

Erməni gəncin atası Martiros Aleksanyan isə oğlunun heç bir qanuni prosedura riayət olunmadan saxlanıldığını bildirib: "Mənim oğlumu Gümrüdə baş verən etiraz aksiyalarındakı iştirakına görə saxlayıblar. Kəndimizdəki evimizə Maralik rayon polis şöbəsinin nümayəndələri gəldi və onlar xahiş etdilər ki, oğlumla birgə polis rəisinin müavininin qəbuluna gedək. Mən oğlum bə polis işçiləri ilə birgə Maralik rayyonunun daxili işlər idarəsinə getdik. Bir müddət bayırda gözlədim və az sonra rəis müavini Ovannes Ovannisyan övladımlar birgə aşağıya düşdülər. O, mənə dedi ki, oğlumu işlə bağlı Gümrüyə aparmalıdırlar. Mən razı oldum. Daha sonra mülki geyimli şəxs öz maşınları ilə bizi Gümrü polis idarəsinin Muş şöbəsinə apardılar. Mən orada da çöldə gözləməli oldum.Təxminən yarım saatdan sonra onlar aşağıya düşdülər və övladımı gəlidiyimi maşınla naməlum istiqamətə apardılar. Oğlum maşına minərkən, sadəcə haraya aparılmasını bilmədiyini deməyə imkan tapdı. Mən istintaq idarəsinə getdim və övladımın işi ilə məşğul olan müstəntiq Arakelyanla görüşdüm. O da mənə bildirdi ki, yəqin oğlumu prokurorluğa aparırlar və o da hazırda həmin idarəyə gedir. Daha sonra Şirak rayon prokurorunun köməkçisi Poqosyan mənə zəng edərək bildirdi ki, oğlum çübhəli şəxs qismində saxlanılıb və təcridxanaya yerləşdirilib".

Bu arada "Asparez" Gümrü jurnalistlər klubunun sədri Levon Barseqyan sözügedən olayla bağlı bildirib ki, Mnatsanan Aleksanyan son günlər bir neçə dəfə polisə çağırılıb.

"Onun pasportunu əlindən almışdılar, şənbə günü isə onu geri qaytardılar. Bu gün isə gözlənilmədən evindən aparıblar. Bu amil belə şübhələnməyə əsas verir ki, yaxın günlərdə digər şəxslər də həmin vəziyyətdə saxlanılacaq. Rejim məhz bu vasitə ilə insanları girov götürür".

Xatırladaq ki, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının əsgəri Premyakov Avetisyanlar ailəsinin yeddi nəfər üzvünü qətlə yetirdikdən sonra şəhərdə Rusiya əleyhinə və Ermənistan hakimiyyətinin həmin hadisəyə biganə yanaşmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etirazla bağlı saxlanılanlara qarşı xuliqanlıq və hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə maddələri ilə cinayət işi açılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə