Gənclər Günü Nizami rayonunda da qeyd olunub TƏDBİR-FOTOLAR

Gənclər Günü Nizami rayonunda da qeyd olunub TƏDBİR-FOTOLAR

2 fevral-Gənclər Günü münasibətilə Nizami rayonunda tədbir keçirilib. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxışı zamanı Azərbaycan gəncliyinin ölkənin daxili ictimai-siyasi, həmçinin, sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərdiyini, intellektual imkanları və kreativliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiklərini qeyd edib: "Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz, bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bu günkü uğurlara məhz, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".

Gənclərə tövsiyə və məsləhətlərini verən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, hələ 1969-cu ildə Azərbaycanda rəhbərliyə gələn Ümummilli Lider Heydər Əliyev həmin dövrdən başlayaraq ölkəmizin möhkəm əsaslarının formalaşdırılması və kadr potensialının gücləndirilməsi üçün gənclərlə işə böyük önəm verdi: "Azərbaycan gəncləri perspektiv inkişafın əsaslarını təşkil edən mühüm prosesləri dərindən mənimsəmək üçün o zamanki nüfuzlu ali təhsil məktəblərində təhsil almağa, tədqiqat işləri aparmağa və elmi adlar qazanmağa göndərildi. Qısa müddət ərzində Azərbaycan gəncləri ölkənin aparıcı qüvvəsinə çevrilməyi bacardı. 1993-cü ildə xalqın təkidli tələbindən sonra hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycan dövlətçiliyini xilas etdi. O, gənclərin enerjisini, həvəsini və gücünü görərək, onların Azərbaycan dövlətçiliyinin qorunması və gücləndirilməsi yönünə istiqamətləndirdi".

Çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, ikinci dəfə hakimiyyətə gələndən sonra dərhal gənclərlə işə başlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu: "Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər tədrici olaraq, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sferalarında aktiv iştirak etməyə başladılar. Ulu Öndər Heydər Əliyev gənclərin sosimun inkişafında rolunu artırmaq, paytaxt və regionlarda yaşayan gənclərin ölkə miqyasında cərəyan edən proseslərdə iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə institusional reformalara da start verdi".

Milli Məclisin deputatı Rasim Musabəyov isə bildirib ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-i Azərbaycan Gənclər Günü elan edildi: "Bununla yanaşı, "Dövlət gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında" fərmanlar, sərəncamlar, eyni zamanda, qəbul edilmiş digər proqramlar və qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi".

Fikirlərini gənclərlə bölüşən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov vurğulayıb ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasətini daha da şaxələndirərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bir sıra Dövlət Proqramları qəbul edildi, 2007-ci il ölkədə "Gənclər ili" elan edildi, həmçinin, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzi, Gənclər Fondu, Gənclər Evi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində Gənclərlə iş sektoru yaradıldı: "Prezident İlham Əliyev həmçinin, bu il Azərbaycan gəncliyinin perspektiv inkişafı baxımından strateji əhəmiyyət kəsb edən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı".

Nizami rayon gəncləri adından çıxış edən YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü Ramil Rüstəmov qeyd edib ki, gənclər bundan sonra da Heydər Əliyev irsinə sadiq qalacaq, dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq və arxalandığı Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlar.

Sonra Nizami rayon Uşaq və Gənclər yaradılıq Mərkəzinin yetirməsi Zeynalabdin Bağırzadə "Xalqın böyük oğluna" şeirini səsləndirib.

Tədbirin sonunda Azərbaycanı beynəxalq idman arenasında layiqincə təmsil edən, bayrağımızı yüksəldən bir qrup idmançı gəncə partiya vəsiqələri təqdim edilib, həmçinin, rayonun ictimai həyatında aktiv iştirakına görə bir qrup gənc fəxri fərmanlarla təltif olunub, eləcə də, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə