Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvü Aytən Məmmədova
Dövlət gənclər siyasəti

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Ümumiyyətlə, gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olub. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında avanqard mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada gənclər daim dövlətin diqqət və qayğısı ilə əhatələnir, onların layiqli vətəndaş, kreativ qüvvə kimi formalaşmaları üçün əlverişli şərait yaradılır. Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü tədbirlər görülür. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini birmənalı şəkildə nümayiş etdirir. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu istiqamətdə böyük işlər görülüb. Burada "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman nazirliyinin yaradılması, ölkəmizdə Gənclər gününün təsis edilməsini və s. xüsusilə qeyd etmək lazımdır. Onu da vurğulamaq lazımdır ki, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilib. Ulu öndərin 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si "Azərbaycan Gəncləri Günü" elan edilib. Beləliklə də, sonradan digər region dövlətlərində də bu ənənənin əsası qoyulsa da Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilib. Ötən illər ərzində respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyətləri ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Hazırda Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bu sahədə inqilabi dəyişikliklər yaradacaq addım atmaqdadır.

Hazırda ölkəmizdə "Azərbaycan gəncliyinin inkişafı (2011-2015-ci illər)" Dövlət Proqramı icra olunmaqdadır. Bütün bu söylənilənlərin fonunda gənclərin cəmiyyətin ictimai-siyasi və sosial-iqtisadi həyatında fəal rol oynaması üçün perspektivli, real iş platforması təqdim etməsi kompleks qayğını labüdləşdirib. Artıq gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və ictimai fəaliyyət platformasında mühüm uğurlar əldə edirlər. Gənclərin inkişafı üçün yaradılan şərait və imkanların nəticəsidir ki, bu gün gənclər dövlət orqanlarında rəhbər və digər vəzifələrdə təmsil olunurlar. Hazırda ölkədə bələdiyyə üzvlərindən təxminən 4 min nəfəri, yəni 30 faizi, bələdiyyə sədrlərinin 326-sı gəncdir. 82 ali və orta ixtisas təhsil müəssisəsində müstəqillik dövrünün ilk tələbə gənclər təşkilatları və onları birləşdirən Azərbaycan tələbə gənclər təşkilatı ittifaqı yaradılıb. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Təsadüfi deyil ki, 2012-ci ildə gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb. Bu konsepsiya Azərbaycan gənclərinin gələcəyə daha inamla baxmasına imkan verir. Çünki Konsepsiyada da göstərildiyi kimi, Azərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcək. İnkişaf Konsepsiyası ucqar regionlarda yaşayan gəncləri əhatə edəcək, hər bir gəncə bərabər inkişaf imkanları yaradacaq. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə gənc nəslin müasir dünyanın tələblərinə uyğun şəkildə təhsil almasına, onların inkişafına hərtərəfli şərait, imkan var. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında bir məqamı xüsusi vurğulayır ki, Azərbaycan hakmiyyətinin apardığı siyasətin başlıca məqsədi nefti-qara qızılı insan kapitalına çevirməkdir. Bu baxımdan ölkəmizdə həyata keçirilən təhsil sistemi islahatları mühüm əhəmiyyət kəsb edir. Bayramımız mübarək əziz gənclər.

Bütün xəbərlər Facebook səhifəmizdə