Fransua Olland Xocalı soyqırımının 23 illiyinə dəvət olunacaq?

Fransua Olland Xocalı soyqırımının 23 illiyinə dəvət olunacaq?

Fransa Prezidenti Fransua Ollandın Xocalı soyqırımının 23 illiyi ilə bağlı Azərbaycana dəvət olunması təklif edilib. SİA-nın məlumatına görə, belə bir təkliflə millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

F. Mustafa qeyd edib ki, F. Olland aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar Ermənistana gedəcəyini bəyan edib: "Qarşıdan Xocalı soyqırımının 23 illiyi gəlir. Əgər bu adamlar soyqırımı məsələsinə belə həssaslıqla yanaşırlarsa, gəlin biz də "erməni soyqırımı"na həssas olan deputatlara, siyasətçilərə müraciət edib onları Bakıya dəvət edək".

F. Mustafanın təklifə münasibət bildirən spiker Oqtay Əsədov deyib: "Heç kim əlimizdən tutmur ki, faciələrimizlə bağlı məlumatı beynəlxalq ictimaiyyətə çatdırmayaq. Bu məsələ ilə bağlı bizə də müraciət olunub. Bu yaxınlarda İstanbulda İslam Ölkələri Parlament sədrlərinin konfransında bu məsələ qaldırıldı. Demək olmaz ki, bu istiqamətdə iş aparılmır. Yəni, biz məsələni hər yerdə, hər konfransda qaldırırıq. Amma dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar məsələlərə birtərəfli yanaşırlar. Onların görüntüsü budur. Onlar Azərbaycana gəlməyəcəklər, əmin ola bilərsiniz. Gələnlər nə edib ki, gəlməyənlər nə etsin? Biz özümüz özümüzə çarə qılmasaq, heç bir beynəlxalq təşkilat bizə kömək etməyəcək. Mən bundan əminəm".

Bütün xəbərlər Facebook səhifəmizdə