Dövlət Gömrük Komitəsinin yaranmasından 23 il ötür YENİLƏNİB

Dövlət Gömrük Komitəsinin yaranmasından 23 il ötür YENİLƏNİB

Bu gün Azərbaycanın gömrük orqanlarının yaradılmasından 23 il ötür. SİA-nın məlumatına görə, bu münasibətlə Dövlət Gömrük Komitəsində tədbir keçirilib. Tədbirdə DGK-nın sədri Aydın Əliyev, sədrin müavinləri, komitə əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Tədbirdə çıxış edən DGK sədri Aydın Əliyev bildirib ki, Azərbaycan Respublikası iqtisadi inkişaf səviyyəsinə görə artıq 11 ildir ki, dünyada lider ölkələr sırasındadır: "Bu dinamika 2014-cü ildə də qorunub saxlanılıb, əvvəlki illərdə olduğu kimi, ötən il də ölkəmizin sürətli sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib".

A.Əliyev diqqətə çatdırıb ki, Azərbaycan gömrüyü 2014-cü ildə də fiskal siyasətin həyata keçirilməsi, idxalixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xariciiqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb: "Dövlət Gömrük Komitəsi 2014-cü ildə nəzərdə tutulan 1 milyard 510,0 milyon manat illik büdcə proqnozuna qarşı 1 milyard 510,76 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 100,05 % əməl edib. Eyni zamanda, 2015-ci və növbəti üç il üçün proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin layihəsinin hazırlanması məqsədi ilə geniş iqtisadi təhlillər aparıl­mış və müvafiq təkliflər aidiyyəti üzrə təqdim edilmiş, nəticədə Dövlət Gömrük Komitəsi üçün 2015-ci il üzrə 80 milyon manat və ya 5,3 faiz artımla 1 milyard 590 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

2014-cü ildə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmini, gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, təqsirkar şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib".

Vurğulanıb ki, Gömrük orqanları tərəfindən 2014-cü il­də həyata keçirilmiş kompleks tədbirlər nə­ticəsində 10811 hüquqpozma faktı aşkar edilib: "Bu faktlardan 424-ü cinayət xarakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 577 min 813 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 473 nəfərin (375 Azərbaycan vətəndaşı, 98 xa­ri­ci) barəsində müvafiq tədbirlər görülüb. Gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cüm­lədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəti­cə­sində 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkar olunub.

Bu faktlar üzrə ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən, 35 kq 926 qram tir­yək, 27 kq 037 qram marixuana, 38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılmış, şübhəli bilinən 185 nəfər (159 nəfər kişi, 26 nəfər qadın) barəsində müvafiq tədbirlər görülüb".

Sonra DGK-nın sədrinin birinci müavini Səfər Mehdiyev komitənin ümumi fəaliyyəti və gördüyü işlər haqqında məlumat verib: "İlin sonu adətən 2 mühüm məqamla diqqəti çəkir. Bir tərəfdən ilə yekun vurulur digər tərəfdən isə növbəti ilin yeni məqsəd və niyyətləri hədəflənir. keçmiş uğurlar bir qayda olaraq gələcəyin daha böyük nailiyyətləri kimi möhkəm təmələ və bünövrəyə çevrilir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin milli iqtisadiyyatı şaxələndirmə prinsipi əsasında inamla inkişaf edir. Ölkəmizin milli iqtisadiyyatının inkişafında və Respublikanın iqtisadi təhlükəsizliyinin qorunmasında DGK-nın mühüm rola malikdir. Hər il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən gömrük orqanları üçün müəyyən olunmuş illik büdcə proqnozu artıqlaması ilə yerinə yetirilir və ölkəmizin iqtisadi təhlükəsizliyi layiqincə qorunur".

S.Mehdiyev deyib ki, Azərbaycan gömrük xidməti Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq ölkə başçısı cənab İlham Əliyevin daim diqqəti və qayğısı ilə əhatə olunan mükəmməl gömrük sisteminə çevrilib: "Ötən 2014-cü il ərzində milli iqtisadiyyatın stimullaşdırılması dövlətimizin iqtisadi siyasətindən irəli gələn aidiyyatı vəzifələrin icrası, Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasının təmin edilməsi, xarici iqtisadi ticarət münasibətlərində gömrük tənzimlənməsi vasitələrinin tətbiqi, gömrük ödənişlərinin alınması, valyuta nəzarətinin həyata keçirilməsi və s. istiqamətində müvafiq tədbirlər görülüb".

Ümummilli Lider Heydər Əliyev ideyalarının layiqli davaçısı Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə apardığı uğurlu siyasətin məntiqi nəticəsi olaraq Respublikamız sosial və iqtisadi inkişafın intibah dövrünü yaşayır. Bunu isə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov çıxışı zamanı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədrinin sözlərinə görə, sahibkarlıq dövründə dövlət qayğısı reallaşdırılan beynəlxalq layihələr, qeyri-neft sektorunun inkişafı və ümumilikdə regionların imkanların genişlənməsi üçün həyata keçirilən işlər iqtisadiyyatımızda mühüm rola malikdir. Sosial-iqtisadi inkişaf Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-da ərzaq və enerji təhlükəsizliyinin təmin olunması, sahibkarlığın inkişaf etdirilməsi, məşğulluğun artırılması və s. həyata keçirilən tədbirlərlə daha qabarıq sürətdə özünü göstərir. Naxçıvan MR-nın 90 illik yubuileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyevin dediyi kimi bu gün Naxçıvan sözün əsl mənasında inamla və uğurla inkişaf edir".

A.Məmmədov deyib ki, Naxçıvan MR-nın sosial-iqtisadi inkişafının məntiqi nəticəsi olaraq 2014-cü ildə gömrük orqanlarının fəaliyyətinin bütün sahələrində uğurlu yüksəliş müşahidə olunub: "Gömrük işinin keyfiyyətinin artırılmasına mühüm əhəmiyyətə malik infrastruktur islahatları bu dövürdə də davam etdirilib və maddi-texniki bazanın gücləndirilməsinə yüksək diqqət yetirilib. Bu sahədə ən əlamətdar hadisə 4 mərtəbəli inzibati bina və kinoloji xidmət binasından ibarət Naxçıvan hava nəqliyyatında gömrük idarəsi üçün yeni kompleksin açılışı olub".

Qeyd edək ki, DGK-nın 23-cü ildönümü münasibəti ilə Komitənin sədri Aydın Əliyev başda olmaqla komitənin əməkdaşları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar, Ulu Öndərin ruhu qarşısında baş əyiblər. Komitə əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət ediblər və məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra komitə əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xatırladaq ki, bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin 1997-ci il yanvarın 10-da imzaladığı müvafiq Sərəncama əsasən, yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə