"Erməni tərəfinin Gümrüdə qətliam törətmiş rus hərbi qulluqçu Valeri Permyakovu tələb etməyə tam olaraq hüququ çatır". SİA "armtoday.info"-ya istinadən xəbər verir ki, bu barədə erməni politoloq Sergey Minasyan keçirdiyi mətbuat konfransında bildirib. Minasyan qeyd edib ki, hazırkı vəziyyətdə Permyakova qarşı iki ittiham irəli sürülür – fərarilik və qətl. Lakin erməni politoloq rus hərbçisinin daha bir cinayət törətdiyini iddia edib. Belə ki, növbəti ittiham Permyakovun dövlət sərhəddini qanunsuz şəkildə pozmasıdır. "Nədənsə bu barədə danışan yoxdur. Hansı ki, Permyakov dövlət sərhəddini keçmək istəyərkən yaxalanıb. Beynəlxalq qanunlara görə, hərbçi buna görə Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməlidir"-deyə, erməni politoloq bildirib.
O, eyni zamanda hesab edir ki, Permyakovun törətdiyi üç cinayətdən ikisi Ermənistanın yuruduksiyasına adiddir: " Ona görə də onun Ermənistanın qanunları ilə mühakimə olunması vacibdir. Bundan əlavə, hələ 11 il öncə Rusiya bazasının əsgərləri buna bənzər ölüm hadisəsi törətmişdilər. Həmin vaxt onlar məhz Ermənistan qanunları əsasında mühakimə olunmuşdular".
"Rusiyanın arqumentlərinə görə, öz vətəndaşını erməni tərəfinə verməsi mümkünsüzdür. Lakin bu, onda ola bilərdi ki, cinayət hadisəsi Rusiyanın ərazisində baş vermiş olardı. Lakin Gümrüdəki hərbi baza Rusiyanın ərazisi deyil. Rusiyanın ərazisi bu ölkənin İrəvandakı səfirliyi və Gümrüdəki konsulluğu ola bilər"-deyə, Minasyan bildirib.
Erməni politoloqun fikrincə, Permyakovun Ermənistana verilməməsinin arxasında sırf siyasi motivlər dayanır. Belə ki, Rusiya indiki vəziyyətdə Ermənistanın üzərində söz sahibi olduğuna görə, bu qərarı verib. Rusiyanın bu məsələdə hər hansı bir gizli məqamın ictimailəşdirilməməsinə çalışması iddiasına gəlincə isə Minasyan buna inanmadığını deyib. O bildirib ki, Rusiya sadəcə, öz avtoritetini saxlamaq üçün bu addımı atır. Çünki Permyakov Ermənistana təhvil verilsə, Rusiya burada öz zəifliyini göstərmiş olacaq.
Politoloq Rusiya hərbi bazası ətrafında əldə edilmiş razılaşmaya yenidən baxıla biləcəyini də istisna etməyib. Lakin o, buna heç bir ehtiyacın olmadığını deyib: "Bu baza həm Ermənistan, həm də Rusiya üçün strateji rol oynayır. Hətta bu baza Rusiyanın imperiya ambisiyalarını da yerinə yetirir. Ancaq bu baza Ermənistan üçün həm də bir həyatverici funksiyasını daşıyır. Çünki həmin baza olmasa, Ermənistan Türkiyə tərəfdən ola biləcək istənilən təhlükənin qarşısında aciz qala bilər".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB