Mərkəz sədri: “Xristian dünyasında islama qarşı yeni bir mübarizə dalğası başlayıb”
"Fransada son terror aktından sonra xristian dünyasının liderləri həmrəylik nümayiş etdirərək yürüş təşkil etdilər. Eyni zamanda Fransa Prezidenti Fransua Olland bu terror aktının islamla əlaqəsi olmadığını bildirdi. Bu bəyanata baxmayaraq Avropada və ümumən xristian dünyasında islama qarşı yeni bir mübarizə dalğası başlayıb". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.
H. Cabbarlı bildirib ki, Almaniya və digər Avropa dövlətlərində məscidlərin yandırılması, millətçilik, anti-islam ideologiyasının genişlənməsi və bu kimi digər hadisələr Avropada islama qarşı mənfi hərəkətlərin bundan sonra da davam edəcəyini göstərir: "Bu əslində xaçlı səfərlərindən başlayan və bu gün də davam edən bir siyasətdir. Ancaq əvvəllər olduğu kimi müharibə və istilalarla deyil, informasiya məkanında bu davam edir. Bu hadisələrin açıq şəkildə xristian-müsəlman müharibəsinə çevriləcəyi ehtimalı azdır. Amma müsəlman və xristian dünyasına nəzər saldıqda Avropa və Amerikanın azadlıq, demokratiya, insan haqları adı altında müsəlman dövlətlərini bir-bir yox etdiyini görməmək mümkün deyil. Bu zaman müsəlman dünyasında son bir neçə yüz ildir yaşanan problemləri də diqqətdən qaçırmaq olmaz. İslam dünyası tənəzzül dövrünü yaşayır, amma bununla belə Avropada islamı qəbul edənlərin sayı statistik göstəricilərə görə artır. Xristian dünyasını da narahat edən budur".
"Bu gün İslam dünyası heç vaxt olmadığı qədər parçalanıb və həmrəylik nümayiş etdirə bilmir. Xristian dünyasının islama dünyası üzərinə təzyiqlərinin artmasının səbəblərini islamın ənənəvi dəyərlərinin itirilməsi və siyasiləşməsində axtarmaq lazımdır. Klassik mənada xristian-müsəlman müharibəsi yaşanmasa da bu ziddiyyətlər heç bir zaman ara verməyib"- deyə, H. Cabbarlı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB