Niyaməddin Orduxanlı: “Əli Kərimli kreslonu doğma qardaşına da verməz” MÜNASİBƏT
"Əli Kərimlinin yanında adam qalıb ki, qurultay da keçirsin? Onun yanında qohum əqrabasından ibarət 5-10 nəfər yeniyetmə gənc qalıb. Əbülfəz Elçibəy rəhmətə getdikdən sonra partiya parçalandı. Amma vaxtilə həmin partiyada nüfuzlu şəxslər təmsil olunurdu, Əbülfəz Elçibəy rəhmətə getdikdən sonra isə həmin partiyadan uzaqlaşdılar". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin təşkilatın qurultayından sonra yenidən sədr postunda qalması üçün göstərdiyi cəhdlərinə münasibət bildirərkən deyib.
BAXCP sədrinin müavini bildirib ki, bütün baş verənlərə rəğmən, Əli Kərimli siyasi düşərgədə qeyri-ciddi şəxs kimi tanınır. Onun fikrincə, AXCP-nin xarici qüvvələrə işləməsi də təşkilatın parçalanmasına səbəb olub: "Eləcə də Ə. Kərimlinin xarici maraqlı qüvvələrin maraqlarına uyğun siyasət aparması da partiyanın parçalanmasını şərtləndirən amillərdən olub".
Niyaməddin Orduxanlı Əli Kərimlinin sədrlik kreslosunu fərqli bir partiya təmsilçisinə verməyəcəyini də deyib. Bu isə partiyadaxili narazılıqların daha da artmasına təkan verəcək: "Əli Kərimli kreslosunu doğma qardaşına belə verməz. Əli Kərimliyə ancaq həmin partiyanın quru adı lazımdır və onu da əldə edib. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində AXCP-nin sosial bazası yoxdur. Bölgələrdə, bu partiyanın ciddi dayaqları və kütləvi müdafiə edən şəxslər yoxdur. Yəqin ki, yaya qədər bu partiya tamamilə fəaliyyətini dayandırmalı olacaq".
BAXCP rəsmisi AXCP və Müsavatın bundan sonrakı əməkdaşlıq imkanları barədə də fikirlərini bildirib. O hesab edir ki, artıq hər iki partiya arasındakı körpülər tamamilə yandırılıb. Eyni zamanda, Müsavatda baş verən proseslər eynilə AXCP-də də davam edəcək: "Müsavat Partiyasının sonuncu qurultayından sonra kütləvi istefalar başlayıb. Yəni İsa Qəmbərin başqanlıqdan getməsindən sonra Müsavat daxilində ciddi problemlər yarandı. Bu da gözlənilən bir hal idi. 22 il Müsavat Partiyasına rəhbərlik edən İsa Qəmbər məcburiyyət şəkilində başqanlıqdan getdi. Bu baxımdan, ailə partiyası olan Müsavat daxilindən qopmalarında və istefaların baş verməsi gözlənilən idi. Əli Kərimli də eyni aqibətlə üzləşməkdədir. 5-10 nəfər yeniyetmə gəncin sonradan Əli Kərimlinin kimliyini bilib uzaqlaşması prosesi baş verdi. İndi də bənzər proses davam etməkdədir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB