“Təzyiq artmasa, Azərbaycan antiterror əməliyyatlarına başlayacaq”

“Təzyiq artmasa, Azərbaycan antiterror əməliyyatlarına başlayacaq”

"Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu var. Azərbaycan dövləti bu münaqişənin dinc yolla həllinə üstünlük verir və dövlətimizin problemin həlli yolunda antiterror əməliyyatlarına başlamamasının əsas səbəbi hələ ki, danışıqlar yolu ilə münaqişənin həlli limitinin tükənməməsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib.

Onun sözlərinə görə, Azərbaycan bu münaqişəni hərbi yolla həll etmək hüququna malikdir: "BMT nizamnaməsinin 51-ci maddəsində yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətlərin kollektiv və ya fərdi şəkildə özünümüdafiə hüquqları var. Bu nöqteyi nəzərdən Azərbaycan həmin maddəyə, həmçinin qəbul edilən 4 qətnaməyə, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanı işğalçı elan etmələri ilə bağlı qəbul etdikləri qərarlara əsaslanaraq münaqişənin hərbi yolla həlli hüququna malikdir. Ancaq Azərbaycan bu problemi dünya birliyinin qəbul etdiyi qanunlar çərçivəsində həll etməyə çalışır. Bu gün dünyanın üzləşdiyi ən böyük problem beynəlxalq terrorizmlə bağlıdır. Son zamanlardakı terror aktları bir daha bunu təsdiqləyir. Belə olan təqdirdə Azərbaycan dövləti antiterror əməliyyatları həyata keçirib öz torpaqlarını geri qaytarmaq hüququna malikdir. Sadəcə Azərbaycan tərəfi əlavə qanlar tökülməsin deyə beynəlxalq təşkilatların dəstəyi ilə bu məsələni sülh yolu ilə həll etməyə səy gösərir. Ancaq beynəlxalq təşkilatlar bunu qəbul etməlidirlər ki, hər şeyin bir limiti var. Aparılan danışıqlar prossesini Ermənistan tərəfi bundan sonra da yubatmağa çalışsa, Azərbaycan dövləti məsələni müharibə yolu ilə həll etmək üçün siyasi qərarlar qəbul etmək iqtidarındadır. Bu müharibə antiterror əməliyyatları çərçivəsində keçirilə bilər. Bu problemi beynəlxalq təşkilatlar daha ciddi şəkildə dərk etməli və məsələnin dinc yolla həll olunması üçün Ermənistan hökumətinə təzyiqləri artırmalıdır. Əks halda, arzuolunmaz hadisələr baş verəcək və Azərbaycan antiterror əməliyyatlarına başlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə