Arzu Nağıyev: “Ermənistan tərəfi vətəndaşlarımızı haqsız yerə mühakimə edir” MÜNASİBƏT

Arzu Nağıyev: “Ermənistan tərəfi vətəndaşlarımızı haqsız yerə mühakimə edir” MÜNASİBƏT

"Hesab edirəm ki, Ermənistanda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı həyata keçirilən "məhkəmə" qərarının bütün instansiyalardan keçməsindən sonra beynəlxalq təşkilatara müraciət etmək lazımdır". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

Siyasi ekspertin sözlərinə görə, həmin hadisə Azərbaycanın ərazisində olduğuna görə, onlar əsir deyil, girov sayılırlar: "Ancaq erməni tərəfi bununla razılaşmayaraq vətəndaşlarımızı hansısa cinayətdə günahlandırır və mühakimə edirlər. Düşünürəm ki, bütün bu instansiyaların hamısına onların vəkilləri müraciət edəndən sonra beynəlxalq təşkilatlara müraciət etmək olar".

Qeyd edək ki, 2014-cü ilin dekabrın 19-da işğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qanunsuz "məhkəmə" qərarı ilə D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma "məhkəmə" prosesi 2014-cü ilin oktyabrın 27-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə