AXCP sədrinin müavini Fuad Qəhrəmanlının müxalifət partiyalarını təmsil olunduğu siyasi təşkilatla əməkdaşlığa səsləməsi qarşı tərəflərdən birmənalı olaraq qəbul edilməyib. Belə ki, Cəbhə rəsmisinin digər iddiası da müxalifət partiya sədrlərini hiddətləndirib. Fuad Qəhrəmanlı real müxalifətçiliyi yalnız AXCP və "Milli Şura" ilə iş birliyində gördüyünü iddia edib. İddia ilə bağlı bir sıra müxalifət partiyalarının sədrəri SİA-ya münasibətlərini bildiriblər.
Milli Dirçəliş partiyasının sədri, millət vəkili Fərəc Quliyev: "Cəbhəçilər mənim ranqım deyil"

- Mən bunlara əhəmiyyət vermirəm. Ona görə də, AXCP rəhbərliyindən kiminsə öz partiyalarına nə ad verməsinə şərh vermək istəmirəm. Bunların kim və nə olduqları hər kəsə bəllidir. Ona görə də AXCP tərəfindən verilən hər hansı bir fikirə ciddi yanaşmıram. Digər tərəfdən, onlar mənim ranqım deyil. Onları ciddi qəbul etmirəm.
KXCP sədrinin müavini Xəzər Teyyublu: "Bu olduqca gülünc, absurd səslənir"

- Sivil demokratik cəmiyyətdə yaşayırıqsa, o zaman ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalarla əməkdaşlıq etməyi vacib hesab edirəm. Milli maraqlar, demokratiya naminə hər bir siyasi təşkilatla əməkdaşlıq qurmağa hazırıq. Lakin hər şey sivil qaydalarda olmalıdır. Əgər Azərbaycanda bu gün müxalifət möhürünü AXCP vurursa belə çıxır ki, digərləri müxalifət deyil? Bu olduqca gülünc, olduqca absurd səslənir. Bu cür yanaşma Azərbaycan siyasi arenasında qüsurlu bir baxışdır. Təəssüf ki, AXCP mövcud müxalif partiyalar haqqında bu cür fikir irəli sürür.
Azadlıq Partiyasının sədri Əhməd Oruc: "AXCP funksionerləri özlərinə bu və ya digər adlar qoyurlar"

- AXCP cəmiyyətdə özünü hamıdan fərqli göstərmək istəsə də, bu alınmır. Özünü ana müxalifət, əsas müxalif partiya kimi ictimai rəyə təqdim etmək istəyən bu partiyanın heç bir sosial bazası yoxdur. O baxımdan götürsək, bunlar ancaq xaricdən gələn maliyyə yardımlarının hesabına nəyəsə nail olmaq istəyirlər. Məhz ona görə də AXCP funksionerləri özlərinə bu və ya digər adlar qoyurlar. Müxalifətdə kimin güclü kimin zəif olması fikirləri isə müxalifəti parçalayaraq, onun gücünü zəiflədir. Onların məsələlərə bu cür yanaşması AXCP-nın mahiyyətindən irəli gəlir.
ASDP sədri Araz Əlizadə: "Cəbhə rəsmiləri özlərini pozğun qadınlar kimi aparırlar"

- Bunlar bilirsinizmi nəyə bənzəyirlər? Məsələn, bəzi çirkin cinayətkarlar və qiybətçilər kimi, qızın başına oyun açıb, sonra da onun barəsində müxtəlif bədnam fikirlər yayırlar. Bu baxımdan, hesab edirəm ki, Cəbhə rəsmiləri özlərini pozğun qadınlara, cinayətkarlara, qadın alverçisinə çevirdilər. İndi də istəyir ki, bakirə kimi özlərini cəmiyyətə sırısınlar, amma alınmır. Bu, baş tutan məsələ deyil. Özləri öz istəklərini icra etsin vəssalam. Bizim işlərimizə müdaxilə etməsinlər.
ADP sədri Sərdar Cəlaloğlu: "AXCP-nin fəaliyyətinin 90 faizi xəyanət və satqınçılıq olub"

- AXCP gərək birinci özünün qüsursuz müxalifət partiyası olduğunu cəmiyyətə sübut edə. Amma bu, mümkün deyil. Çünki Xalq Cəbhəsi Partiyası rəhbərliyinin keçdiyi siyasi yolun 90 faizi xəyanət, satqınçılıq yolu olub. İstər Xalq Hərəkatı, istərsə də Əbülfəz Elçibəy hakimiyyəti dönəmində bunlar ancaq oyun oynayıblar. Əli Kərimli Elçibəyin müavini olduğu halda, onun yerinə göz dikib, xəyanət edib. Vaxtilə bir çox müxalifət partiyaları AXCP ilə əməkdaşlıq ediblər. Hətta birgə bloklarda da fəaliyyət göstəriblər. Ancaq nəticədə xəyanət görüblər. Şəxsən mənə qarşı da Əli Kərimli kifayət qədər xəyanətlər törədib. Bu baxımdan, bunların belə çağırışlar etməsinə ciddi yanaşmıram. Getsinlər özləri ilə məşğul olsunlar. Biz isə öz işimizi yaxşı bilirik.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB