Siyasi partiyalar 2014-cü ilin hesabatını verəcəklərmi? ARAŞDIRMA

Siyasi partiyalar 2014-cü ilin hesabatını verəcəklərmi? ARAŞDIRMA

"Siyasi Partiyalar Haqqında" qanuna görə siyasi qurumlar hər il hesabat verməlidirlər. Təəssüf ki, Azərbaycanda Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi partiya maliyyə hesabatı vermir. Bəs görəsən, qanuna məhəl qoymayan, öz maliyyə mənbələrini cəmiyyətdən gizli saxlayan, illik hesabatlarla çıxış etməyən siyasi partiyalar bu il necə, 2014-cü ilin hesabatını verəcəklərmi?

Məsələ ilə bağlı SİA olaraq siyasi partiya rəhbərləri ilə əlaqə saxladıq. Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan açıqlamasında bildirdi ki, heç bir hesabatla çıxış etməyəcəklər: "Bizim 2014-cü ildə bu və ya digər formada hər hansısa bir fəaliyyətimiz olmayıb, maliyyə hesabatı verməyə də hazırlaşmırıq".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu il hesabatla çıxış edəcəklərini bildirib.

Ana Vətən Partiyasının (AVP) sədri millət vəkili Fəzail Ağamalı isə siyasi partiyaların hesabatla çıxış etməyinin vacib olduğunu bildirdi: "Təbii ki, AVP hər il olduğu kimi, 2014-cü ilin də hesabatını verəcək. Hazırda bu istiqamətdə işlər görülür, sənədlər hazırlanır və hesabat vaxtında Maliyyə Nazirliyinə təqdim ediləcək".

Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə qeyd edib ki, mənim hesabat vermək fikrim yoxdur: "Mən yalnız qurultaydan qurultaya hesabat verirəm. Bütün görülən işlər haqqında isə mərkəzi komitədə müzakirə aparırıq".

Məsələ ilə bağlı AXCP, Müsavat və" Ümid" partiyalarının da mövqeyini öyrənməyə çaışsaq da, bütün cəhdlərimiz nəticəsiz qaldı.

Bütün xəbərlər Facebook səhifəmizdə