Çoxmənzilli binaların qeydiyyatı müzakirə edilib

Çoxmənzilli binaların qeydiyyatı müzakirə edilib

Bu gün "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi "Çoxmənzilli binaların qeydiyyatı sahəsində nailiyyətlər və qarşıya çıxan problemlər" mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə həyata keçirilən tədbir hökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında idarəçiliklə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində dialoqun dəstəklənməsi məqsədilə təşkil olunub. Dəyirmi masa Ümummilli lider Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva qeyd edib ki, çoxmənzilli binaların qeydiyyatı zamanı yaranan korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqlar eyni zamanda bu sahədə şəffaflığın və hesabatlığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoyulur. Dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, "Azərenerji" ASC, "Azərsu" ASC və digər dövlət orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə "Şəffaflıq Azərbaycan" təşkilatının eksperti Hafiz Həsənov binaların qeydiyyatında mövcud problemlərin və qanunvericilikdə mövcud boşluqların aradan qaldırılması ilə bağlı ümumi tövsiyyələrlə çıxış etdi. Dövlət orqanlarının nümayəndələri çoxmərtəbəli binalara dövlət nəzarətinin mövcud vəziyyətindən və onların qeydiyyatı sahəsində həyata keçirilmiş uğurlu islahatlardan danışıb. Nəticə etibarı ilə tikintisi başa çatmamış və istismara qəbul edilməmiş binaların problemlərinin həll edilməsi üçün "bir pəncərə" prinsipi əsas götürülməklə aidiyyatı orqanların nümayəndələrinin iştirak etdiyi Komissiyanın yaradılması və bu Komissiyanın vətəndaş cəmiyyətinə, əhaliyə açıq şəkildə xidmət göstərməsi, bu sahə üzrə bütün məlumatların vahid məlumat bazasında əks olunması ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

İştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, çoxmənzilli binaların qeydiyyatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumlarına təqdim edilsin.

Eltun Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə