Səbail rayonu

YAP Səbail rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər. Tədbiri YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev açaraq bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub: "Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb və unudulmayıblar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Çünki dövlət xadimlərindən ancaq bu Dahi Şəxsiyyət Milli Lider səviyyəsinə yüksəlib".
M.Nağıyev onu da vurğulayıb ki, Ulu Öndər Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. O, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan Milli Liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz Böyük Azərbaycanlı idi: "Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycan xalqının özünə güvəninin, gələcəyə inamının artırılması yönündəki müstəsna xidmətləri ilə bağlı təbii ki, saatlarla danışmaq olar və bunu bir yazıya sığdırmaq mümkün deyil. Azərbaycanın bütün uğurları Heydər Əliyevlə bağlıdır. Bu, şanlı, şərəf dolu bir tarixdir! İllər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin şah əsəri olan Azərbaycanda O, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq və həmişə seviləcək!"
Ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək deyib ki, böyük ideyalar dahi şəxsiyyətlərə məxsus olur: "Böyük ideyaların müəllifi Heydər Əliyev Azərbaycanın ən yeni tarixində silinməz izlər qoyub. Ümummilli Lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanın müstəqil dövlətçilik tarixində yeni bir dövr başlandı. Bu dövr inkişaf, çiçəklənmə və tərəqqi dövrüdür".Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan daha da inkişaf edən və dünya dövlətləri arasında layiqli yerini tutan bir ölkəyə çevrilib.
Milli Məclis Aparatının şöbə müdiri Adilə Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə yorulmadan çalışdığını, bugünkü inkişafın və tərəqqinin məhz onun fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Heydər Əliyev epoxasını yüksəliş epoxası adlandıran A.Abbasova vurğulayıb ki, Onun parlaq zəkası, müdrikliyi sayəsində xalqımız öz milli mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoydu: "Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev çox mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırdı".
Tədbirdə digər çıxış edən YAP Siyasi Şurasının üzvü Vilayət Əliyev, YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvü Rizvan Vahabov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə danışıblar. Çıxış edənlər bildiriblər ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib: ""Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çıxışlarda vurğulanıb ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Öndər kimi qalıb. Ümummilli Liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət və sədaqət meyarı olub.
Pirallahı rayonu

Ümummilli liderimiz Heyər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Pirallahı rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır. Keçirilən tədbirlərdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna nəzər salınmış, bu dahi şəxsiyyətlə bağlı xatirələr bölüşülmüşdür.
"Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən Dahi Heydər Əliyev həyatını Müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi. Ona tuşlanan təzyiqlərə mərdliklə sinə gərərək, Şərqə Günəş kimi doğan Müstəqil Azərbaycan dövlətini qurdu. "Heydər-Xalq", "Xalq-Heydər" sevgisi daimidir, əbədidir. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaq. Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı gələcəyə doğru inamla irəlilədiyini minnətdarlıq hissi ilə qeyd etmişlər.
11 dekabr 2014-cü il tarixdə Pirallahı qəsəbəsində yerləşən 168 nömrəli tam orta məktəbin akt zalında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-in başçısının müavini Vəzir Səfixanov, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Pirallahı RİH-in başçısının müavini Vəzir Səfixanov ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğuladı. Qeyd etdi ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü firavan həyat, xoş gələcəyimiz üçün borcu çoxdur. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.
231 nömrəli məktəbin tarix müəllimi Səkinə Sadıxova, Pirallahı rayon Aqsaqqallar Şurasının sədri Fazil Məhəmmədov və başqaları Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açdılar.
Daha sonra məktəblilər tərəfindən müxtəlif bədii kompazisiyalar nümayiş etdirildi.
Astara
Xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar daim hörmət və ehtiram bəsləyirlər. 11 dekabr 2014-cü il tarixdə Ulu Öndərin anım günü ilə əlaqədar Astarada "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə irəliləyir" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxmışlar.
Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfransı icra başçısı Qəzənfər Ağayev açaraq qeyd etmişdir ki, bu günlər ölkəmizin hər yerində, azərbaycanlıların yaşadıqları və fəaliyyət göstərdikləri bütün dünya ölkələrində Ümummilli Liderimiz Heydər Əliyevin anım günü qeyd edilir. Keçirilən tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi ehtiramla yad edilir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Xatırlatmaq istəyirəm ki, ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.
1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır.
1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.
Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmək üçün Heydər Əliyevin xalq arasında böyük nüfuzundan xoflanan qüvvələr onu müxtəlif bəhanələrlə sovet idarəçiliyindən uzaqlaşdırmağa nail oldular. Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu. Qanlı 20 yanvar faciəsi törədilən zaman Moskvada yaşayan Heydər Əliyev özünün və doğmalarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın burada fəaliyyət göstərən daimi nümayəndəliyinə gəldi və dünyanı silkələyən siyasi bəyanatla çıxış etdi.
Ulu Öndərin xalqın təkidi ilə ikinci dəfə siyasi səhnəyə qayıdışına diqqəti çəkən natiq qeyd etmişdir ki, Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçilməklə həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümid və həyat vermişdir. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.
Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə xaos, hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xalqın yeganə ümidi Naxçıvana dikilmişdi. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər, yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Təcrübəli dövlət xadimi, bütün zamanların görkəmli siyasətçisi, dünya şöhrətli ümumbəşəri insan olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik. Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Bu gün Azərbaycanın dövlət büdcəsi 20 milyard manatdır. Ölkəmizin illik hərbi xərcləri 5 milyard manat təşkil edir ki, bu da Ermənistanın dövlət büdcəsindən 1,5 dəfə çoxdur. Fəzaya özünün ilk süni peykini buraxan Azərbaycan adını kosmik ölkələr sırasına daxil etmiş, xüsusən son on ildə bütün sahələrdə yüksək inkişafa nail olaraq dünya ölkələrinin etibarlı tərəfdaşına çevrilmişdir. Müxtəlif mövzularda mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi, 2015-ci il ilk Avropa idman oyunlarının ölkəmizdə planlaşdırılması dediklərimizə bariz nümunədir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini nəzərə alaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Heydər Əliyevin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, daha böyük nailiyyətlər əldə edəcəkdir.
Mən Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə təşkil olunmuş elmi-praktiki konfransı açıq elan edir, Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.
Elmi-praktiki konfransda rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə irəliləyir" mövzusunda məruzəsi dinlənilmişdir.
Rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Həmzəyev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Poçtamtının rəisi Aqil Əhmədov, rayon Mərkəzi Kitabxanasının müdiri Tural Eyvazov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev və başqaları çıxışlarında dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanın inkişafı, Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu, ölkədə iqtisadiyyatın, elm və mədəniyyətin yüksək səviyyəyə qaldırılması, əldə edilmiş müstəqilliyin möhkəmləndirilməsi, xalqlar arasında qarşılıqlı əlaqələrin və dostluğun gücləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən danışmış, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasını xüsusilə vurğulamışlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB