Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatında YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlərlə seçki qərargahının üzvləri arasında görüş keçirilib. Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və digər şəxslər iştirak ediblər.
Tədbiri Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov açaraq bələdiyyə seçkilərinə start verilən gündən bugünə kimi görülən işlər barədə qonaqlara ətraflı məlumat verib: "Rayon üzrə fəaliyyətdə olan 17 bələdiyyəyə 163 nəfər namizəd irəli sürülərək lazımi sənədləri 60 və 61 saylı Dairə Seçki Komissiyaları tərəfindən təsdiq olunub. Namizədlərin qeydə alınması üçün zəruri işlər səlahiyyətli nümayəndələr tərəfindən görülüb. Namizədlərin imzatoplama işləri başa çatdırılaraq DSK-lara təqdim olunub. Seçki günü Neftçala rayonunda olan məntəqə seçki komissiyalarında müşahidə aparılması üçün təşkilat tərəfindən müşahidəçi və məşvərətçi səshüquqlu üzvlər müəyyən edilərək siyahı mərkəzi qərargaha göndərilib. Namizədlərin müdafiəsi üçün ərazilər üzrə təbliğat qrupları yaradılaraq onlara treninqlər keçirilib. Rayon təşkilatında seçki qərargahı yaradılıb və qərargah üzvləri arasında iş bölgüsü aparılıb. Hazırda qərargahlar onlar üçün yaradılan fəaliyyət proqramına uyğun olaraq işlərini görməkdədir. Bundan başqa qərargahların yığıncaqları keçirilib, bələdiyyə seçkilərinin daha da mütəşəkkil keçirilməsi üçün müvafiq qərarlar qəbul edilib. Hesab edirik ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bu seçkidə də xalqına arxalanaraq bələdiyyələrdə daha çox üzvlə təmsil olunacaq".
Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın keçdiyi tarixi yoldan danışaraq son illərdə ölkəmizdə görülmüş genişmiqyaslı işlər barədə ətraflı məlumat verdi: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyas, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük
nailiyyətlərin əldə olunmasını şərtləndirib. Bu mükəmməl idarəetmə kursu Azərbaycanın müstəqil iqtisadi modelinin formalaşması üçün də əsaslı təməllər yaratmış olub. Prezident İlham Əliyev ən yeni dövrün siyasi-sosial sifarişlərinin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi iqtisadi-siyasi stabilliyin möhkəmlənməsinə baza yaratmaqla, iqtisadi tərəqqi erasının təməlini də qoymuş olub. Ölkədə hökm sürən sabitliyin qorunmasının və möhkəmlənməsinin inkişafın əsas indikatoru olduğunu başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib".
Digər çıxışçı YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva qadınların respublikamızın ictimai-siyasi həyatındakı rolundan danışaraq Neftçala rayonundan YAP tərəfindən namizədliyi irəli sürülmüş qadınlara uğurlar arzuladılar.
Sonda isə YAP Neftçala rayon təşkilatı Qadınlar Şurasının sədri Gültəkin Sadıqova çıxış edərək bələdiyyə seçkilərində rayon qadınlarının aktiv iştirak edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB