Masallıda bələdiyyəyə namizədliyi sürülmüş şəxslərlə görüş keçirilib

Masallıda bələdiyyəyə namizədliyi sürülmüş şəxslərlə görüş keçirilib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliyi irəli sürmüş şəxslərin təmsil olunduğu partiyalar tərəfindən təbliğat-təşviqat kampaniyasına başlanıb. Dünən belə görüşlərdən biri də Yeni Azərbaycan Partiysı (YAP) Masallı rayon təşkilatında YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə seçki qərargahının üzvləri arasında baş tutub. Görüşdə YAP İdarə Heyətinin üzvü, Partiyanın İcra Katibliyinin məsul əməkdaşı Kərim Kərimov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Nəriman Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər şəxslər iştirak ediblər.

Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bələdiyyə seçkilərinə start veriləndən təşviqat işlərinə başlanan dövrə qədər görülmüş işlər barədə qonaqlara ətraflı məlumat verərək qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: "YAP-ın 22 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Partiya tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslər öz intellektinə, aktiv ictimai fəaliyyətinə görə fərqlənirlər. Bu seçkilərdə qadınlara və gənclərə xüsusi yer verilib. İnanırıq ki, dekabrın 23-də Masallı seçiciləri ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini növbəti dəfə nümayiş etdirəcək və masallılıların seçimi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq. İnanırıq ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədləri qələbə qazanacaqlar".

YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin məsul əməkdaşı Kərim Kərimov çıxış edərək qeyd edib ki, YAP alternativsiz siyasi qüvvədir və Azərbaycanın siyası arenasında özünəməxsus, əvəzolunmaz yer tutur. Çıxışında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açan K.Kərimov həmçinin, əlavə edib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət siyasi sabitliyi

şərtləndirir: "Həyata keçirilən uğurlu siyasət Azərbaycanın dinamik iqtisadi inkişafını təmin edib. Sevindirici haldır ki, bu işlərdə bələdiyyələr də müstəsna rol oynamaqdadır. Bu səbəbdən də qarşıdakı seçkilərdə bütün seçiciləri hamılıqla, alternativi olmayan partiyaya, YAP-a səs verməyə çağırıram".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bələdiyyə institutunun mahiyyəti və fəaliyyət mexanizmindən bəhs edərək iştirakçıların diqqətinə çatdırıb ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır: "Azərbaycanda bələdiyyə institutu milli qanunvericiliyə əsasən təşəkkül tapıb və səmərəli fəaliyyət mexanizminə malikdir. Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu sahədəki qanunlarla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Sakinlərlə də ən sıx əlaqədə olan orqan məhz bələdiyyələrdir. Bu gün istər Bakımızın, istərsədə rayonlarda bələdiyyələrin fəaliyyəti nəticəsində qəsəbələrarası, məhəllədaxili yollar asfaltla örtülür, yaranan problemlər tez bir zamanda öz həllini tapır və sair. Yəni bələdiyyələrin bü gün cəmiyyətimizdə, həyatımızda rolu kifayət qədər vacib və eyni zamanda məsuliyyətlidir. Məndə sizi öz növbəmdə YAP-a səs verməyə, hər zaman möhtərəm Prezidentimiz İlham Əliyevin partiyası ətrafında sıx birləşməyə dəvət edirəm".

Çıxışçılardan Milli Məclisin deputatı Nəriman Əliyev bələdiyyə seçkilərinin demokratik idarəetmə sisteminin mühüm komponenti olduğunu diqqətə çatdıraraq bildirib ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə həyata keçirilir: "Bu prosesdə təbliğat-təşviqat işləri də mühüm əhəmiyyət kəsb edir. Təbliğat-təşviqat işinin yerli qanunvericiliyə, müəyyən olunmuş standartlara müvafiq surətdə aparılması olduqca vacib və zəruri amildir".

Görüşdə iştirak edən Prezident təqaüdçüsü Şirvan Əbilov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov və digərləri çıxış edərək bələdiyyə seçkilərində partiyanın namizədlərinin qalib gələcəklərinə əminliklərini ifadə edərək bu seçkilərdə də YAP-ın qələbəsinin şəksiz olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə