"Binəqədi ziyalıları YAP-ın namizədlərinə səs verəcəklər"

Bu fikir Binəqədi ziyalıları ilə keçirilən tədbirdə səslənib
"Binəqədi ziyalıları YAP-ın namizədlərinə səs verəcəklər"

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı cari ilin 23 dekabrında keçiriləcək bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk görüşü Binəqədi Ziyalılar Cəmiyyətinin fəalları, müxtəlif təhsil müəssisələrində çalışan ziyalılarla keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, AMEA-nın Geologiya İnstitutunun direktoru Mürsəl Əliyev, rayon ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dekabrın 23-də keçiriləcək, sayca dördüncü olan bələdiyyə seçkiləri, o cümlədən, bələdiyyələrin tarixi, funksiyaları barədə geniş məlumat verib. O, Azərbaycanda bələdiyyələrin tarixinin qısa olmasınaa baxmayaraq bu institutun formalaşma dövrünü artıq keçdiyini bildirib. R.Göyüşov Binəqədi rayonunda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə YAP-ın "Rifah və Quruculuq Naminə" şüarı ilə qatıldığını, YAP Seçki Qərargahının və onun Binəqədi rayon şöbəsinin yaradıldığını, seçki prosesinin müxtəlif mərhələlərində çevik fəaliyyət göstərmək üçün Seçki Qərargahının Binəqədi rayon şöbəsi tərəfindən 56 bəndlik fəaliyyət proqramının işlənib hazırlandığını, bu plana uyğun olaraq müvafiq görüşlərin, tədbirlərin keçirildiyini vurğulayıb.Rayonda mövcud bələdiyyələr haqda məlumat verən rayon təşkilat sədri Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən və Biləcəri bələdiyyələrinin fəaliyyət göstərdiyini bildirib. O, həmçinin 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərindən fərqli olaraq ötən beş ildə rayon əhalisinin artımı ilə əlaqədar olaraq, bu il keçiriləcək bələdiyyə seçkilərində 73 deyil, 79 üzv yerinə seçkilərin keçiriləcəyini və bələdiyyə üzvlüyünə olan yerlərin hamısına YAP tərəfindən namizədlərin irəli sürüldüyünü bildirib. R, Göyüşov bələdiyyə üzvlüyünə YAP namizədlərinin gənc, perspektivli, vətənə, dövlətə sədaqətli gənclərdən təşkil olunduğunu, onların hamısının ali təhsilə malik olduqlarını qeyd edib. Eyni zamanda, seçkidə iştirak edən namizdələrin 35 %-nin gənc xanımlardan ibarət olunduğunu və beləliklə gender prinsipinin qorunduğunu vurğulayıb. Seçkilərin demokratik, şəffaf, ədalətli şəkildə keçəcəyinə əminliyini bildirən R.Göyüşov Azərbaycanın son 10 ildə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçdiyini, bələdiyyə seçkilərində vətəndaşların dövlətin apardığı siyasətə səs verəcəklərinə inandığını ifadə edib.

Rayon təşkilat sədri bu seçkinin YAP üçün növbəti bir qələbə olacağına, YAP-ın əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkilərində də zəfər çalacağına əmin olduğunu və Binəqədi rayonunun respublika üzrə yüksək yerlərdən birini tutacağına inandığını qeyd edib.

Sonra Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində namizədləri olan Murad Həsənov, Aytac Əliyeva, Qamət Hüseynov, Zakir Məmmədov, Sabir Həsənov və başqaları özləri haqda məlumat verərək, bələdiyyə seçkilərində iştiraklarından qürur duyduqlarını, seçkilərin ədalətli, demokratik şəkildə rəqabət mühitində keçəcəyinə inandıqlarını bildiriblər. Namizədlər rayonda son illər sürətli inkişafın olduğunu, bələdiyyələrin bu seçkidən sonra yeni bir formada effektiv idarəçilik həyata keçirəcəyinə inandıqlarını, bələdiyyə institutunun vacib bir təsisat olduğunu və namizədlərə etimad göstəriləcəyinə inandıqlarını ifadə ediblər.

Sonra namizədlər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə