"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" adlı konfrans keçirilib YENİLƏNİB - VİDEO

"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" adlı konfrans keçirilib YENİLƏNİB - VİDEO

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ekspertlərin iştirakı ilə Azərbaycan ailə institutu: sosioloji, kulturoloji və psixoloji məqamlar, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu kimi mövzular müzakirə olunub.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı giriş nitqi ilə açaraq deyib ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub yaşadılması və təbliği olduqca vacibdir. Bizim sosial-iqtisadi sahədə aparılan işlər həyatımızda da mühüm dəyişikliklərə səbəb olur. DQİDK-nın qarşısında ciddi vəzifələr var. Əgər bizim cəmiyyətdə neqativ hal varsa, onun qarşısı tez bir zamanda alınacaq. Prezident İlham Əliyev tərəfindən İslami dəyərlərə böyük önəm verilir. Ötən gün cənab Prezident tərəfindən dini icmalara vəsaitin ayrılması haqqında imzalanan sərəncam təqdirəlayiq haldır. Bizim ailələrimizin güclü olması, milli-mənəvi dəyərlərimizlə sıx bağlıdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan çoxmillətli Respublikadır: "Bu konfrans bir növ ailə dəyərlərinin möhkəmlənməsinə xidmət edir. İlham Əliyev Ailə institutunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycanda 2 milyon ailə var. Həyata keçirilən dövlət proqramları, layihələr artıq öz nəticəsini verir. Azərbaycanda nikahların olması ilə bağlı yeni tendensiya yaranıb. Prezidentin göstərişi ilə bu ilin əvvəlində yarım milyondan artıq insan tibbi dispanserdən keçib. Azərbaycanda hər il mayın 15-də Ailə günü qeyd edilir".

Milli Məclis sədrinin müavini Bahar Muradova isə diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan məsələ ölkə daxilində və bütün dünyada gedən proseslərin doğurduğu aktual bir mövzudur: "Bu mövzu zamanından, dövründən baş verən hadisələrdən asılı olmayaraq hər zaman aktualdır. Milli-mənəvi dəyərlər, ailə dəyərləri, bir milləti, xalqı formalaşdıran keyfiyyətlər daimi olmalıdır. Əgər bu işdə fasilələrə yol verilsə və ya digər təsirlər, təzyiqlər, qloballaşma meyilləri qarşısında geriyə addım atılsa, mütləq aşınmalar olacaq və biz daha çox problemlərdən danışası olacağıq. Heç şübhəsiz ki, bu gün mənəvi, siyasi, iqtisadi, ümumiyyətlə, çox ciddi təsirlər qarşısındayıq. Bu təsirlərin qarşısında dayanmaq hər bir xalqın müqavimət gücündən asılı olacaq".

Millət vəkili Fəttah Heydərov qeyd edib ki, bu gün Azərbaycan inkişaf edən, dünyada öz yerini möhkəmləndirən nümunəvi dövlətə çevrilib: "Planetimizdə sakitliyi, sabil inkişafı, insanların rifahına, yaxşı yaşamasına və gələcəyinə yönələn tədbirləri ilə özünü göstərən Azərbaycan öz daxili məsələlərinə də nəzər salır. Bizim cəmiyyətə müəyyən qədər qarayaxmaq istəyən qüvvələrə qarşı mübarizədə bu cür tədbirlərin keçirilməsi çox zəruridir".

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva vurğulayıb ki, dünyada elə xalq var ki, onun özünəməxsusluğu onun milli-mənəvi dəyərləri, milli mental səciyyəvi xarakterik cəhətləri olduqca diqqət cəlb edən bir səviyyədədir: "Çünki, bu dəyərlərin əksəriyyəti bizim xalqımızın yüz, min illərinin sınağından keçərək zamanımıza kimi gəlib çatıb. Bu gün bizim milli bayramlarımız var ki, biz bu ənənələrimizlə həm özümüzü, həm də övladlarımızı sevindiririk. Bizim min illərin sınağından keçib gələn ailə dəyərlərimiz var ki, burada ağsaqqala, ağbirçəyə hörmət, kiçiyə qayğı görmüşük. Eləcə də ailələrin bir-birinə münasibətində böyük ehtiram və hörmətin şahidi olmuşuq.

Biz bu gün bu dəyərləri düşündükcə, haradasa ürəyimizin başında bir iftixar, şərəf hissi də yaranır. İstər milli-mənəvi dəyərlərimizin, istər ailə dəyərlərinin qorunub saxlanılmasında ən böyük, əsas sima qadındır, anadır. Biz qadına qarşı zorakılıqdan danışırıq. Hesab edirəm ki, elə bu zorakılığa qarşı çıxan bilən insanın özü də ana olmalıdır. Bəzən bizim milli mental dəyərlərimizdə özünə yurd salmış ana üçün, eləcə də nənələrimizdən bizə miras qalan elə keyfiyyətlər var ki, biz ailədə baş verəcək hər bir çətinliyin, nöqsanın qarşısını almaq iqtidarındayıq. Amma bir şərtlə ki, bizim analarımız gərək uşaq vaxtından ailədə elə bir şəxsi nümunə görsünlər ki, bu tərbiyə doğurdan da bizim cəmiyyətimiz üçün böyük fəxarətə çevrilsin".

Daha sonra millət vəkili Hadı Rəcəbli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı, Milli Məclisin üzvləri Aytən Musatafayeva, Kəmalə Əliyeva çıxış edərək Milli-mənəvi və ailə dəyərlərinin qorunub saxlanılması istiqamətində dəyərli fikirlərini bildirib.

Konfransın sonunda isə iki Dövlət Komitəsi arasında 2015-ci ilə dair birgə tədbirlər planı imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə