ADP sədrindən narazı müsavatçılara MƏSLƏHƏT

Sərdar Cəlaloğlu: “İstefa verən adamların mövqelərini düzgün hesab etmirəm”
ADP sədrindən narazı müsavatçılara MƏSLƏHƏT

"Partiya üzvlərinin hüquqları yalnız partiya liderlərinin və yaxud funksionerlərinin subyektiv qərarlarına uyğun deyil, qanunla müəyyən edilmiş normalara əsasən müdafiə edilməlidir". Bu fikirləri SİA-ya Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasındakı narazıların öz problemlərini, məhz məhkəmə yolu ilə həll etməli olduqları barədə irəli sürdüyü məsləhətə münasibət bildirərkən deyib.

ADP sədri bildirib ki, bu baxımdan hər hansı bir partiya üzvü hesab edirsə ki onun hüquqları pozulub, o zaman öz hüquqlarını məhkəmə qaydası ilə müdafiə edə bilər: "Müsavatçılar hesab edir ki, qurultayda başqan seçimində saxtakarlıq olub. Bunu araşdırmaq üçün partiyanı dağıtmağa ehtiyac yoxdur. Məhkəmə yolu ilə həmin saxtakarlıq faktını araşdırmaq olar. Bu mənada mən alternativ kimi qeyd edirəm ki, əgər haqlıdırlarsa, məhkəməyə müraciət etsinlər".

Sərdar Cəlaloğlu istefa verənlərin haqlı olmadıqlarını düşündüyünü deyib: "İstefa verən adamların mövqelərini düzgün hesab etmirəm. Əgər istəyirlərsə haqlarını bərpa etsinlər, fövqalada qurultay çağıraraq yenidən sədrlik məsələsini qaldıra bilərlər. İkincisi nəzarət təftiş komissiyasının işini doğru hesab etmirlərsə, o zaman məhkəmə var, qanun var".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə