Çingiz Qənizadə: “Bu millət, bu xalq nə zamana qədər bütün faktları həyasızcasına gizlədəcək?!” İTTİHAM

Çingiz Qənizadə: “Bu millət, bu xalq nə zamana qədər bütün faktları həyasızcasına gizlədəcək?!” İTTİHAM

"Məhz noyabr ayında qondarma "DQR"-in "hərbi hava qüvvələrinə" məxsus helikopterinin bizim ərazidə Azərbaycan əsgəri tərəfindən vurulması həm də bir təsadüf oldu. Çünki vaxtilə Qarakənd səması üzərində Azərbaycanın dövlət orqanlarının birinci şəxslərinin olduğu vertalyotun ermənilərin bütün qaydaları pozaraq vurmaları da məhz noyabr tarxinə təsadüf edirdi". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə bütün bunlara rəğmən, hələ də beynəlxalq aləmin Azərbaycan vertolyotunun vurulmasına susqun qalmalarını, lakin erməni işğalçılarının hərbi helikopterinin vurulmasından sonra bir sıra xarici siyasi dairələrinin bu olayı pisləmələrinə münasibət bildirərkən deyib.

Çingiz Qənizadə Azərbaycan tərəfi ermənilərə məxsus sırf hərbi helikopteri vurduğunu xatırladaraq deyib ki, bu helikopterdə də hərbi sursatlar olub: "Düşünürəm ki, ermənilərə məxsus ikinci helikopter də vurulmalı idi. Haqlı olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanı və eləcə də müdafiə naziri qeyd edirlər ki, təmas xəttimizə yaxınlaşan, hava məkanını pozan hər hansı bir uçan obyekt anında məhv edilməlidir".

Millət vəkili erməni tərəfinin hər zaman faktları gizlətdiyini və bununla da öz çirkin niyyətlərini reallaşdırmağa çalışdıqlarını vurğulayıb: "Bu millət, bu xalq nə zamana qədər bütün faktları həyasızcasına gizlətməyə çalışacaq, dünya qarşısında özlərini yazıq kimi göstərəcək?! Bugünkü Ermənistan hakimiyyəti ermənilərin özlərini bir girova çevirib. Ermənistanda olan ziyalılar aparılan siyasətə qarşı öz etirazlarını bildirməlidirlər. Mən bir vətəndaş kimi, millət vəkili kimi bu addımı haqlı sayaraq qeyd etmək istərdim ki, Azərbaycan ordusu bütün manelərin qarşısını almağa qadirdir, güclüdür, qüdrətlidir!"

Çingiz Qənizadə eyni zamanda beynəlxalq təşkilatların, xüsusilə, ATƏT rəsmilərinin və ABŞ Dövlət Departamentinin sözügedən olayda qeyri-obyektiv fikirlər səsləndirməsiə, dolayısı ilə Azərbaycan tərəfini ittiham etməsinə də münasibətini bildirib: "ATƏT-in Minsk qrupu, həmçinin bir sıra beynəlxalq təşkilatlar helikopterlə bağlı anında bəyanatlar yaydılar. Amma bizim iki mülki vətəndaşımız öz torpaqlarını ziyarətə gedən zaman girov götürülərək, məhkəməyə belə cəlb olunmaları hansı beynəlxalq qanunlara uyğundur? ABŞ Dövlət Departamenti aylardır gedən prosesdən bundan xəbərsiz olduğunu deyib. Anjey Kasprşikə isə helikopterin vurulduğu yerə deyil, iki mülki vətəndaşımızın qondarma məhkəməsində iştirak etməyi arzulayardım. Bunu bir azərbaycanlı millət vəkili kimi tələb edirəm!".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə