Əli Həsənov Hans Bederskini qəbul edib

Əli Həsənov Hans Bederskini qəbul edib

Azərbaycan Respublikası Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov noyabrın 19-da "World Vision İnternational" humanitar təşkilatının Cənubi Qafqaz regionu üzrə direktoru Hans Bederskini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə bildirilib ki, adıçəkilən humanitar təşkilat Azərbaycanda fəaliyyət göstərdiyi iyirmi il ərzində BMT-nin Ümumdünya Ərzaq Proqramı, İnkişaf Proqramı, BMT QAK, ECHO, ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi", Birləşmiş Britaniya Krallığı, Hollandiya hökumətləri və müxtəlif özəl fondların maliyyə dəstəyi ilə qaçqın, məcburi köçkün və aztəminatlı ailələrinə maddi yardım, gəlir əldə olunması, icma infrastrukturu, kənd təsərrüfatı, təhsil, su təchizatı və sair kimi müxtəlif layihələr həyata keçirib.

Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı söhbət açılan görüşdə səmimi qəbula görə Baş nazirin müavini Ə.Həsənova minnətdarlığını bildirən təşkilatın Cənubi Qafqaz regionu üzrə direktoru Hans Bederski bu layihələrin Azərbaycan hökumətinin və digər tərəfdaşların yaxından köməyi ilə həyata keçirildiyini bildirərək qeyd edib ki, təmsil etdiyi qurum əsasən dünyada uşaqların rifah halının yaxşılaşdırılmasında iştirak edir və bu sahədə qarşılıqlı əməkdaşlıq bu gün də davam etdirilir.

Azərbaycanın son illər ərzində inkişafından, bunun ölkədəki qaçqın və məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılmasına müsbət təsirindən danışan qonaq bu sahə ilə bağlı dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramından və onun icrası istiqamətində görülən işlərdən məmnunluğunu ifadə etmiş və bütün bunları yüksək dəyərləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə