Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında YAP-ın yaradılmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qzəetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısında ucaldılan abidəsinin önünə gül dəstələri qoyublar. Daha sonra YAP Binəqədi rayon təşkilatının qərargahında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, 1992-ci il noyabr ayının 21-i Azərbaycan müasir tarixində dönüş nöqtələrindən biri kimi tarixə düşüb: "Çox çətin, həm də şərəfli yol keçən Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqillik tarixində özünəməxsus yer tutub. O zaman Azərbaycanın dövlət müstəqilliyi təhlükə ilə üz-üzə qalmışdı. Belə bir dövrdə Azərbaycan xalqını bəlalardan xilas edəcək yeni siyasi qüvvəyə ehtiyacı var idi. AXC-Müsavat hakimiyyətinin səriştəsiz rəhbərləri ölkəni idarə edə bilmirdi. Bu baxımdan dövlətə elə bir lider lazım idi ki, onun qəbul etdiyi qərarlar, söylədiyi fikirlər xalq tərəfindən qəbul edilsin. O Lider Heydər Əliyev idi. 1992-ci ildə noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi. İqtidara müxalif partiya kimi yaranan YAP çox keçmədən iqtidar partiyasına çevrildi. Ulu Öndərin rəhbərliyi ilə ölkə xaosdan, anarxiyadan qurtularaq inkişafa, sabitliyə qədəm qoydu".
Təşkilat sədri çıxışında bildirdi ki, Ümummilli Liderin əsasını qoyduğu siyasət bu gün Onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkəmizdə elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi hiss edilməsin. Bütün bunların ərsəyə gəlməsində Prezident İlham Əliyevin və onun sədri olduğu YAP-ın xidmətləri əvəzsizdir".
Sonda R.Göyüşov çıxışını Ulu Öndərin tarixi kəlamı ilə bitirdi: "YAP dünənin, bu günün, gələcəyin partiyasıdır".
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov partiyanın yarandığı illərə nəzər salaraq bildirib ki, YAP tarixi zərurətdən yaranan partiya olub: "Yeni Azərbaycan Partiyasının təsis olunduğu tarixi gün - 1992-ci il 21 noyabr Azərbaycanın ən yeni tarixinin mühüm və əlamətdar günlərindən biri oldu. YAP-ın yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni bir mərhələ başlandı. Həmin dövrə nəzər salsaq, YAP-ın yaranmasının Azərbaycanın ictimai-siyasi mühitinə nə qədər böyük təsir göstərdiyini əyani olaraq bir daha görə bilərik. O illərin ağır, böhranlı vəziyyətini nəzərə alaraq Azərbaycan xalqının ziyalılarının imzası ilə "Səs" qəzetində "Azərbaycan sizin sözünüzü gözləyir" başlıqlı müraciət dərc edildi. 1992-ci il oktyabrın 24-də Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verdi. Həmin gün xalq cəbhəsinin Bakıdan təlimat almış üzvləri Naxçıvanda sözün əsl mənasında dövlət çevrilişinə cəhd etdilər. Naxçıvan əhalisinin igidliyi nəticəsində bu çevrilişin qarşısı alındı. Bütün bu anların şahidi olmuşam. Zaman özü göstərdi ki, xalq Heydər Əliyevin ətrafında toplaşmaqda haqlı idi. Nəhayət xalqın istəyini nəzərə alan Ulu Öndər 1993-cü il iyununda Naxçıvandan Bakıya gələrək Ali Sovetin sessiyasında çıxış etdi. Bütün bu proseslərdə Yeni Azərbaycan Partiyasının üzvlərinin çox böyük xidmətləri olub. Biz inanırdıq ki, bu partiya gec-tez hakim partiyaya çevriləcək. 1993-cü il iyunun 15-i Heydər Əliyevin Ali Sovetə sədr seçilməsi xalqımızın qurtuluşu oldu. Bununla Azərbaycan xalqı məhv olmaqdan xilas oldu, Azərbaycan adlı yeni bir məmləkət formalaşdı. Ulu Öndərin zəkası, uzaqgörən siyasəti nəticəsində bu gün biz fəxr ediləsi məmləkətdə yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycanlıyıq".
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva öz çıxışında ilk dəfə, 10 il öncə YAP-a üzv olmasından bu günə qədər qət etdiyi yola nəzər salaraq bir sıra məqamlara toxunub. O qeyd edib ki, YAP ümummilli partiya olaraq Azərbaycan xalqının taleyində mühüm və əhəmiyyətli rol oynayır: "Bu gün partiyanı ayrı-ayrı funksialarda təmsil edən hər bir partiya təmsilçisi bu sevinci və qüruru yaşamaqdadır. İlk öncə mənə və mənimlə birlikdə gənclərimizə ölkənin ictimai-siyasi həyatında fəal iştiraka şərait yaradan, "Mən bütün işlərimdə sizə arxalanıram, siz də mənə güvənə bilərsiniz"- deyən Ölkə prezidentinə çoxsaylı YAP gəncləri adından səmimi qəlbdən təşəkkürümü bildirirəm. YAP ürəyi, qəlbi onunla döyünən, vəsiqəsini daşımayan amma dövlətinə, millətinə sədaqətli olan hər kəsin partiyasıdır. Odur ki, bütün xalqımızı bu münasibətilə təbrik edirəm".
Daha sonra çıxış edən Binəqədi rayon icra hakmiyyətinin başçısı Xaləddin İsgəndərov YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Xaləddin İsgəndərov qeyd edib ki, 1992-ci ildə YAP-ın yaranması ilə Azərbaycan siyasi həyatında yeni bir mərhələnin başlanğıcı qoyulub: "Yeni Azərbaycan Partiyasının qısa vaxt ərzində böyük nüfuz qazanması, üzvlərinin sayının sürətlə çoxalması xalqın bu partiyanın yaradıcısı Heydər Əliyevə olan inamından, etimadından irəli gəlirdi. Heydər Əliyev siyasi xadim, dövlət xadimi və siyasətçi kimi ümumdünya miqyasında tanınan, sayılan şəxsiyyətlərdəndir. Eyni zamanda onun 30 ildən çox bir müddət ərzində ali rəhbərlikdə olması uzun illər Azərbaycanı idarə etməsi, ölkənin ağır vaxtlarında xilaskarlıq missiyasını uğurla həyata keçirməsi, xalq arasında ona böyük nüfuz qazandırmış, Ümummilli Lider kimi hamı tərəfindən qəbul edilmişdir. Heydər Əliyevin Ümummilli Lider olması onun rəhbərlik etdiyi YAP-ın cəmiyyətdəki nüfuzuna da həlledici təsir göstərir. YAP Heydər Əliyev ideyalarının daşıyıcısıdır".
Tədbirin sonunda bir sıra YAP fəalları fəxri fərmanlarla təltif edildi, YAP-a yeni üzv olanlara vəsiqələr təqdim edildi. Tədbir bədii hissə ilə yekunlaşıb.
İntizarə Məmmədova
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB